Bayramov Ruslan Telman oğlu 1996-cı il, iyunun 15-də Bakı şəhərində anadan olub. 2002-ci ildə 179 saylı tam orta məktəbdə təhsilini başa vurub. Ağcabədi rayonu ərazisindəki hərbi hissədə həqiqi hərbi xidmətini tamamladıqdan sonra müxtəlif aralıqlarla özəl müəssisələrdə çalışıb.
2020-ci il sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılıb. Sentyabrın 30-da Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətdində düşmən üzərinə hücuma keçərkən ən uca Zirvəyə - Şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 1-i Binəqədi qəsəbəsi ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.
Atası Bayramov Telman deyir: “Sentyabr ayının 21-dən təlimlərdə iştirak edirdi. Bu müddət ərzində 3 gün danışmaq şansımız oldu. Sonuncu dəfə danışanda dedi “Ata, bizi bölgələrə aparırlar”. Dedim, oğlum, gedin, yolunuz açıq olsun. Ondan sonra əlaqə saxlaya bilmədik. Sentyabrın 30-u şəhid xəbəri gəldi. Oktyabrın 1-i isə dəfn elədik”.
Müəlliməsi Vəfa Əhmədova deyir ki, Ruslan öz vətənpərvərliyi ilə başqa şagirdlərdən seçilirdi: "Şəhidlik zirvəsinə ucalan hər bir Vətən övladı kimi Ruslan da sanki Vətən üçün doğulmuşdu, elə Vətən üçün də ölümsüzlüyə qovuşdu. Bir müəllim kimi hər zaman şagirdlərimizə vətənin müqəddəsliyini və onu sevərək qorumağı aşılayırıq ve məktəb illərində öz vətənpərvərliyi ilə seçilən şagirdlərimiz yaddaşımızda xüsusi iz buraxır. Ruslan da belə şagirdlərdən olmuşdu. Onun haqqında deyə bilərəm ki, sevimli şagirdim kimi xatirimdə qalan Ruslan nümunəvi davranışı, mülayim, sakit xarakteri ilə digər şagirdlərdən seçilirdi. Həqiqətən də onun həssas qəlbində vətəninin keçilməz olduğu hissini yaşatması və öz əməlində bunu sübut etməsi bu gün nə qədər kədərli olsa da şagirdimi fəxr hissi ilə anmağıma əsas verir. Nur içində yatan neçə-neçə igidimiz kimi Ruslanımız da bizim qürur və and yerimizdir. Ruhun şad olsun, Şəhidim!”
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ruslan Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ruslan Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.