2021/04/Elfaq-1619381011.jpg

line
Adı: Elfaq
Soyadı: Nağıyev
Ata adı: Azad
Doğum tarixi: 26.12.1996
Şəhid olub: 21.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Elfaq Nağıyevdir.

Nağıyev Elfaq Azad oğlu 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. 2003-2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb.

2012-2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində “Bədən tərbiyəsi müəllimliyi” ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi. Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Elfaq Nağıyev bir çox şəhərlərin, kəndlərin, strateji yüksəkliklərin azad edilməsində fəal iştirak edib. Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub.

“Qorxmaz gizir” ləqəbli hərbçimiz oktyabrın 21-də Xocavəndin Tuğ kəndi yaxınlığındakı "Qırmızı bazar" adlanan ərazidə qəhrəmanlıqla şəhid olub. Gədəbəy rayonunun Parakənd kəndində torpağa tapşırılıb.

Döyüş yoldaşlarının dediyinə görə, ön sıralarda hər zaman özü vuruşub və təhlükə olduğu zaman hərbçi yoldaşlarını qoruyub. Buna görə də, yoldaşları onu “Qorxmaz gizir” adlandırıb.

Şəhidin atası Azad Nağıyev oğlunun hərbçi olmaq istəyi haqqında danışıb:

“Onun vətənpərvərliyi, bayraq və Vətən sevgisi içindən gələn arzusu idi. Şəhidlərimiz olmasa, bu torpaq alınmazdı”, - deyən ata oğlunun son arzusundan danışıb:

“Kaş mən şəhid olum, atam desin, Vətən sağ olsun”. Bu onun son arzusu idi. Balamın son arzusunu yerinə yetirdim”.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 4 iyun tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.