2021/09/16189-1632235097.jpg

line
Adı: Tarverdiyev
Soyadı: Qürbət
Ata adı: Rasim
Doğum tarixi: 21.05.1998
Şəhid olub: 05.10. 2020
Rütbəsi: Mahhxhq əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Tarverdiyev Qürbət Rasim oğlu 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Ürəyi Vətən sevgisi ilə döyünən 22 yaşlı kəşfiyyatçı müharibənin ilk günlərindən silaha sarılaraq Xocavənd və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub.

“Qürbət vətənsevər övlad idi. Hara getsə, həmişə özü ilə bayrağımızı götürərdi. Əsgərlikdən gəldikdən sonra bir müddət kənddə işlədi. Mağazada çalışırdı. Sonra mənə hərbçi kimi çalışmaq istədiyini bildirdi, etiraz etmədim. Qusardakı hərbi hissədə işləməyə başladı. Atası vaxtsız dünyadan köçdüyündən anası və bacısı üçün çox narahat olardı. Müharibə başlayan kimi cəbhəyə yollandı. Sonuncu dəfə Qürbətlə oktyabrın 5-də danışdıq. Üç gün sonra Füzuli istiqamətində şəhid olması xəbərini aldıq. Qürbət xüsusi tapşırığın icrası zamanı düşmən mərmisinə tuş gəlib. Müharibə bitəndən sonra döyüş yoldaşları ailəmizlə görüşməyə gəlmişdilər. Onlar Qürbətin necə qorxmaz, mərd döyüşçü olduğu haqqında danışdılar. Mən nəvəmlə fəxr edirəm. Qürbət Vətən uğrunda şəhid olub”, - deyə şəhidin babası Qədir Məmmədov söyləyib.

Qürbət evin tək oğul övladı idi. Birinci Qarabağ savaşının iştirakçısı olmuş atası dünyadan vaxtsız köçdüyündən ailənin qayğılarını çəkmək Qürbətin üzərinə düşürdü.

“Qürbət kənddə hamının hörmətini qazanmışdı. Mehriban və zarafatcıl idi. Müharibə başlayanda mənə xəbər eləmədi. Axşam işdən qayıtmadı. Zəng elədim, dedi ki, işimiz var, narahat olmayın. Səhər eşitdik ki, müharibə başlayıb. Müharibə günlərində də zəng edirdi. Amma döyüşlərdə olduğunu mənə bildirmirdi. Axırıncı günədək “Biz Ağcabədidəyik, narahat olma” söylədi. Halbuki, elə ilk gündən Füzulidə ən şiddətli döyüşlərə qatılıb. Sonuncu dəfə bacısının qızının doğum günündə zəng edərək təbrik etdi. Sonra mənimlə, dayıları, bibiləri, hamı ilə danışıb. Oktyabrın 4-də əməliyyata başlayıblar. Həmin döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Özü həmişə deyərdi ki, şəhidlik ən uca məqamdır. Həmin zirvəyə də ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin anası Natəvan Tarverdiyeva bildirib.

Qürbət Tarverdiyev Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Ölümündən sonra “Füzulinin azad olunmasına görə” “Vətən uğrunda” medalları ilə təltif edilib.