2021/04/Scree-1619510138.jpg

line
Adı: Emil
Soyadı: Əmirov
Ata adı: Zaman
Doğum tarixi: 09.12.2000
Şəhid olub: 14.10.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Emil Zaman oğlu Əmirov 2000-ci il dekabrın 9-da Mingəçevir şəhərində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Emil Əmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Emil Əmirov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emil Əmirov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



Emil Əmirov…

Azərbaycanın, Mingəçevirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən, Vətən sevdalılarından biri…

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir Şəhidimiz, daha bir Nur üzlümüz…

Emil qışın oğlan çağında, 2000-ci ilin dekabr ayının 9-unda Mingəçevir şəhərində anadan olub…

O, həm də ailənin tək-yeganə övladı olub, anası Xanımaz və nənəsi Məleykənin himayəsində böyüyüb…

Anası və nənəsi onu birlikdə böyüdüb, boya-başa çatdırıb…

Çünki Emili atası uşaqlıqdan atıb gedib və atasız böyüyən Emilə anası həm atalıq, həm analıq edib…

Emil uşaq vaxtı Mingəçevirdəki 2 nömrəli bağçaya gedib və hər zaman sakitliyi və nizam-intizamlı olmağı ilə fərqlənib…



Və 2007-ci ildə 7 nömrəli məktəbin birinci sinfinə gedib və ilk gündən də hamının-müəllimlərinin hörmətini, sevgisini qazanıb…

Sonra anası ilə birgə Moskva şəhərinə köçən Emil 2-ci sinifdən təhsilini burada davam etdirib…

Emil həm də uşaq vaxtlarından idmanla məşğul olub…

Amma yad ölkədə yaşasa da, Vətənə, Bayrağa olan sevgisi və düşmənə nifrəti azalmayıb…

Çünki Emilin dayısı Müzəffər İmanov 1992-ci ildə, 1-ci Qarabağ savaşında iştirak edib, 8 ay döyüşüb, vuruşub və ağır döyüşlərdən birində-avqusun 9-unda Ağdərə istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Dayısı da evin-ailənin tək oğlu, 3 bacının bir qardaşı olub…

Və 1992-ci ildən ana (nənə) oğulsuz, bacılar qardaşsız, Emil isə dayısız qalıb…

Dayısının Şəhidliyi Emili hər zaman düşmənə nifrət ruhunda böyüdüb, daim düşmən tapdağında olan torpaqlarımızı azad etmək, qisas hissi ilə alışıb-yanıb…

Və 16 yaşında anası ilə birlikdə yenidən Azərbaycana dönən Emil hər bir Azərbaycan gənci kimi Vətənə xidmət borcunu yerinə yetirmək üçün 2018-ci ildə hərbi xidmətə yollanıb…

Hərbi xidmətdə, qulluq etdiyi hərbi hissədə də bütün heyətin hörmətini qazanıb və ona verilən bütün tapşırıqları yerinə yetirib…

Hərbi xidməti 2020-ci ilin aprel ayında bitirən, anasının, anası qədər üzərində Haqqı olan nənəsinin yanına dönən Emil Vətənə, Torpağa, Qarabağa olan sevgisinə görə, yenidən, 2020-ci ilin avqust ayında Orduya gedib, MAHHXHQ kimi N saylı hərbi hissədə baş kəşfiyyatçı kimi işləməyə başlayıb…



Və hər bir Azərbaycan gənci, hər bir Vətən sevdalısı kimi 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanması ilə döyüşlərə yollanıb…

Döyüş, müharibə zamanı da İgidliyi və Cəsurluğu ilə fərqlənib…

Döyüşlərdən birində yaralanaraq, xəstəxanaya göndərilib…

Amma Emil evdəkilərə, anası və nənəsinə yaralı olmasını bildirməyib və yenidən döyüşə yollanıb…

Döyüşə girməyə icazə verməsələr belə, inadından dönməyib, yenidən döyüşlərə atılıb…

Və qanlı döyüşlərdən birində, okyabrın 15-ində qəhrəmancasına Şəhid olub…

İki gün sonra, 17 oktyabrda isə nəşi Mingəçevir şəhərində-Şəhidlər xiyabanında dəfn edilib…

Ölümündən sonra 2 medalla – “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

1992-ci ildə qardaş itkisi, qardaş acısı yaşayan Xanımnaz xanım 28 il sonra oğul-övlad acısı, itkisi yaşayıb…

Dərdi üstünə dərd gəlib…

Oğul dərdi az qala qardaş dərdini unurdurub dərdli anaya, dərdli bacıya…

Dərddən yumağa dönüb Şəhid anası…

1992-ci ildə tək oğlunu itirmiş ana ilə 28 il sonra tək övladını itirmiş ana, ana və qız bu gün bir damın altında dərd ortağıdırlar…Bir-birlərini təsəllidirlər, bir-birlərinə dayaqdırlar…

Və yenə sözün bitdiyi, yenə sözlərin, kəlmələrin aciz qaldığı an, yer…