Kərimov Ülvi Rövşən oğlu 11 Sentyabr 1988-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olub. 1994-ci il B.Alıyev adına Salahlı kənd tam orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağırılıb.
Ağstafa şəhərinin Saloğlu kəndində N saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət etmişdir. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 noyabr 2016-cı ildə N saylı Hərbi Hissəyə kəşfiyyatçı-snayper təyin edilmişdir. Daha sonra 24 sentyabr 2018-ci ildə Manqa Komandiri təyin edilərək vəzifə borcunu yerinə yetirilməsində, döyüş hazırlığı və nizam-intizamda nailiyyətlər əldə edərək fərqlənmişdir.
15 dekabr 2019-cu ildə Kiçik Çavuş hərbi rütbəsi verilib.
Sentyabrın 27-si II Qarabağ müharibəsi başlanan zaman öz xahişi ilə könüllü olaraq getmiş, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək oktyabrın 17-si Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir. Oktyabrın 17-si anadan olduğu Salahlı kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020 və 29 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Ülvi Kərimov ölümündən sonra müvafiq olaraq "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.