Yusif Nəcəfov 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub. 52 nömrəli tam orta məktəbi bitirib. 5-6 il cüdo idman növü ilə məşğul olub. İran, Türkiyə Gürcüstan və Azərbaycanın şəhərlərində keçirilən çoxsaylı idman yarışlarının iştirakçısı olub, nailiyyətlər əldə edib.
Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb və top komandiri olub.
Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb.
2020-ci il oktyabrın 1-i cəbhədə yaralanıb daha sonra 12 gün müalicə alıb, ardınca 13-cü gün təkrar döyüşə qayıdıb elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində şəhidliyə ucalıb.
Yusif Nəcəfov 2020-ci il oktyabrın 13-də Murovdağ uğrunda döyüşlər zamanı şəhid olub.
Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Yusif Nəcəfov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", Hərbi xidmətlərə görə" və "Azərbaycan Bayrağı ordeni" medalları ilə təltif edilib.