2021/09/Şami-1632307020.jpg

line
Adı: Əliyev
Soyadı: Şamil
Ata adı: Xançoban
Doğum tarixi: 20.03.1996
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Şamil Xançoban oğlu Əliyev 1996-cı il martın 20-də Füzuli rayonunun Bəhmənli kəndində anadan olub. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilirdi. Hərbçi olmaq arzusu ilə yaşayan Şamil həqiqi hərbi xidmətini də ən çətin və şərəfli bir vəzifədə - kəşfiyyatçı olaraq yerinə yetirdi. Xidmətini fərqlənmə ilə bitirən Şamil evə döndükdən sonra ailəsindən xəbərsiz yenidən ordu sıralarında xidmət etmək üçün müraciət edib. 2015-ci ildən müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanan Şamil Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmətini davam etdirib. Şamil Əliyev 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib, düşmənin qorxulu kabusuna çevrilib.



Ordumuzun xüsusi təyinatlısı olan Şamil Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azad edilməsi üçün gedən döyüşlərdə savaşıb. Oktyabrın 16-da doğulduğu torpaq uğrunda şəhid olub, ata-baba yurdu Böyük Bəhmənlidə dəfn edilib.



Döyüşlərdə göstərdiyi şücaətə görə şəhid Şamil Əliyev ölümündən sonra “Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.



Şamilin anası Sədaqət Əliyeva oğluna olan sevgisindən bəhs edir:

“Şamil kimi oğlu olan ana bəxtəvərdir. O, çox qayğıkeş, mehriban idi. Həmişə biz sirlərimizi bölürdük. Beş ildir xidmət edirdi, hamı ondan çox razı idi. Hara gedirdi, Fəxri Fərmanla gəlirdi. O qədər özünü istədirdi ki. Düzdür, üç uşağım var, amma Şamil bir başqa idi. Aldığım nəfəs idi”...



Şəhid anası Sədaqət xanım qəhrəman oğlu haqqında fəxrlə danışır. Vətən müharibəsində xəstəxanada tibb bacısı işləyən Sədaqət Əliyeva deyir ki, hər dəfə təxliyə maşını gəldikdə çox həyəcanlı anlar keçirib:

“Yaralılarımıza ilkin tibbi yardım göstərmək üçün var gücümüzlə çalışırdıq. Şamillə hər gün əlaqə saxlayırdıq və torpaqlarımızın azad edilməsi müjdəsini bizə çatdırırdı. Deyirdi ki, az qalıb Şuşaya da bayrağımızı sancacağıq ”.



Oktyabr ayının 16-da birgünlük istirahət üçün evə buraxılan Sədaqət Əliyevaya vaxtısz zəng gəlir, onu xəstəxanaya çağırırlar.

“Həmin gün çox narahat idim, sanki nəsə itirmişdim, tapa bilmirdim. Amma Şamilin şəhid olacağı heç ağlıma gəlmirdi. Çünki o, yaralı halda belə döyüşə atılan qəhrəman idi. Lakin xəstəxanaya çatanda övladımın şəhid olduğunu öyrəndim. Çətin olsa da, övladımın Vətən uğrunda şəhid olması ilə qürur duyuram” , - deyə şəhid anası bildirir.



Bibisi Gülbuta Əliyeva qeyd edir ki, qardaşı oğlu 44 günlük Vətən Müharibəsində düşmənin qorxduğu igid Azərbaycan oğullarından biri olub:

“Bu adam posta gedəndə ermənilər onu adı ilə çağırırmışlar ki, qalxsın, vursunlar. Ermənilər hamısı Şamili tanıyırdı, dildə belə çağırırdılar. Videolarında var, nə cür girib erməni postlarına, nə cür döyüşüb”.

Nənəsi Süsənbər Namazovanın sözlərinə görə, Şamil Vətən Müharibəsində yaralanıb xəstəxanaya yerləşdirilsə də, müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb:

“O, yaralananda Şirvan xəstəxanasında yatdı. Həkim deyib ki, 15 gün yatmalısan. Amma Şamil özü ərizə yazıb, qol çəkib qoyub ki, "Mənim heç nəyim yoxdur". Anası işləyir, bir gün baxdım ki, gəlib. Dedim, "Ay bala, bəs sən yaralanmısan, xəstəxanada olmalısan". Mənə dedi, "Nənə, yaşlanmısan, ağlın azalıb, millətin balası qabaqda döyüşür. Mən də gedib Şuşaya bayraq sancacağam” .

Şəhidin dostu Naib Əliyev isə deyir ki, Şamil düşmənin xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsində şücaət göstərib. Hətta ermənilərin xüsusi təyinatlı hərbçilərinin əsir götürülməsində iştirak edib. Onun döyüş yolu Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində olub.



Vətən müharibəsində Əliyevlər ailəsindən iki qardaş Şamil və Kamil iştirak ediblər. Şamilin yarım qalan arzusunu həyata keçirənlərdən biri də onun qardaşı Kamil olub. Şəhid anası Sədaqət Əliyeva isə döyüşlər ərəfəsində tibb bacısı olaraq yüzlərlə döyüşçünün həyatını xilas edib.