Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1999-2010-cu illərdə kənd tam orta məktəbində təhsil alıb Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olub.
Əli 2011-ci ildə hərbi xidmətə başlayıb. Ağdam rayon N saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət edib. 2013-cü ildə hərbi xidməti bitirib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə 21 oktyabrda könüllü olaraq qoşulub. Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumları təşkil etdib. Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid Əli Cəfərov 4 noyabr 2020-ci ildə Astara rayon Maşxan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.