2021/04/Atama-1619595178.jpg

line
Adı: Musaoğlu
Soyadı: Ataməli
Ata adı: Seyidməmməd
Doğum tarixi: 05.03.1995
Şəhid olub: 16.10.2020
Rütbəsi: Hərbi vəzifəli
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı
Ataməli Musaoğlu 1995-ci il martın 5-də Bakının Lökbatan qəsəbəsində anadan olmuşdur. 228 nömrəli tam orta məktəbi bitirəndən sonra 2012-ci ildə yüksək balla psixologiya ixtisası üzrə BDU-ya qəbul olunmuşdur. 2016-cı ildə bakalavriat təhsilini bitirəndən sonra ordu sıralarında xidmət etmişdir. 2019-cu ildə klinik psixologiya ixtisası üzrə Xəzər Universitetinin magistraturasına qəbul olunmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqının Vətən müharibəsi başlayanda magistraturanın ikinci kurs tələbəsi olan Ataməli könüllü cəbhəyə getmişdir. Oktyabrın 16-da döyüşdə şəhid olmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Kəşfiyyatçısı olan Ataməli Musaoğlu 2020-ci il oktyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ataməli Musaoğlu oktyabrın 16-də Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu "Vətən Uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edildi

Aşağıda Ataməlinin müəllimi olmuş, Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın şəhidə məktubunu dərc edirik.

Ataməliyə müəlliməsindən məktub

Salam, dəyərli tələbəm Ataməli... Bilirəm uzaqda və soyuqdasan. Amma bilməyini istəyirəm ki, bizlərə göndərdiyin, ötürdüyün istiliklə hər birimiz isinirik. Burada hava soyuq olsa da, Qələbə xəbərini eşidib hamımız isinir, sənin və dostların üçün darıxırıq...

Səni yada salanda üzümə xəfif bir təbəssüm gəlir. 2019-cu il... Sentyabr ayıdır. İlk dəfə sinifə girdim. Sinifin çoxu, həmişəki kimi, qızlardan ibarət idi. Köhnə tələbəm Şimaldan başqa heç birinizi tanımırdım. Siniflə tanış olmaq məqsədilə özümü təqdim etdim və sizlərlə tanış olmağa başladım. Sən özünü təqdim etdin. Evli olduğunu, işlədiyini, oxumaq arzularını, gələcək planlarını qeyd elədin. 24 yaşın olmasına baxmayaraq - fiziki cəhətdən yaşın özünü göstərsə də - bunları o qədər səmimi, gülər üzlə danışırdın ki, dinlədikcə səni 4-5 yaşlarında həyəcanlı, coşqulu şeir söyləyən və qürurlanan bir uşaq kimi təsəvvür edirdim. Təbii ki, sənin bundan xəbərin yox idi. Yaşın, evliliyin, qızının olması mənim təəssuratlarımı dəyişdirmirdi. Qarşımda orta boylu, qara saçlı, qara gözlü, dəcəl, gülərüz, hərəkətsiz dura bilməyən və “mən böyüyəndə bilirsiniz nələr edəcəyəm?” deyən, böyümək arzusunda olan bir uşaq dururdu. Bu uşaq saf, təmiz, xəyalpərvər, qorxmayan, dostlarına kömək etməyə çalışan, bəzən inadcıl, çox zaman da açıq sözlü idi. Açıq sözlü olsan da, bunu qarşı tərəfi incitmədən etməyə çalışmağın isə ayrı bir ustalıq idi.

Sən danışır, özünü təqdim edir, mən isə bu uşağın gözəl bir gələcəyinin xəyalını qurmağa çalışırdım. Zaman keçdikcə qrupdakı hər kəs bir birinə bağlanır və dərsimizin məzmunu etibarilə müxtəlif pasiyent obrazlarını canlandırırdıq. Bu obrazlarda isə mən səni, sənin yaradıcılığını bir daha kəşf edirdim. Sənin yaradıcılığın, ağıllı sualların, mühakimə etmə qabiliyyətin bütün sinif yoldaşlarını düşünməyə vadar edirdi. Bəzən bilərəkdən qıcıqlanacağını və fərqli cəhətdən yanaşmalarını görmək üçün müzakirə sualları ortaya atırdım. Sənin bu suallara yaradıcı cavabların və bu cavabları xüsusi yumor hissi ilə bəzəyərək təqdim etməyin dərslərimizi, münasibətlərimizi daha da maraqlı edirdi. Nigarla xoş rəqabətin, onu “qıcıqlandırmağın” isə sinifin müsbət ab-havasını daha da artırırdı...

Tələbə yoldaşlarına qarşı çox həssas idin. Nəsə olub? - deyə onlardan cavab almaq istəyərdin. Cavabı almayıncaya qədər isə sakitləşmək bilmirdin. Bunları etdiyin zaman yenə dəcəl, sevimli, çox sual verən qarabuğdayı uşağı görürdüm. Bu uşaq başqasının acısına dözə bilməyən, onun dərdinə şərik olmadan sakitləşməyən biri idi.

Mən şanslı idim. Qarşımda gördüyüm bu gəncin təsəvvürümdəki uşaqlığı ilə dostlaşmışdım və sanki anası ilə birlikdə onu böyütmüş və uğurlarına, oyunlarına tamaşa etmişdim. İndi isə artıq gələcək arzularına çatması üçün ona dəstək olmaq istəyirdim.

Ataməli, sən ümidlərini, xəyallarını sinifdə danışdıqca mənə də bir ilham verirdin və hər müəllimə qismət olmayan ümid hissini mənə yaşadırdın. Gördüyüm işin dəyərliliyini, müqəddəsliyini yadıma salırdın və daha çoxunu etmək üçün düşünməyimi təmin edirdin. Mənə “müəllim, dərsinizdən çox zövq aldım, çox şey öyrəndim” deyərkən fərqində olmadan da məni, gələcəyə olan ümidimi, sizlərlə əlaqəli xəyallarımı bəsləyirdin. Xəyalımdakı Ataməli, özünün də dediyi kimi, gələcək alimimiz idi. Arzun tədqiqat aparmaq, universitetdə müəllim olmaq və psixologiya sahəsinə töhfə vermək idi. Sən bunları danışdıqca hamımız səni elə belə də təsəvvür edirdik və bunu sənə bildirməsək də, gözlərimiz, üz ifadəmizlə “sən elə buna layıqsən, edə biləcəksən” deyirdik.

Mənim təsəvvürümdəki səmimi, dəcəl, açıq sözlü, zarafatcıl uşaq həm də qarşımda dərs dediyim yetkin, dəyərləri olan bir gənc idi. Zaman keçdikcə bu gənci daha yaxından tanıyır, bir ata kimi, bir həyat yoldaşı kimi yaşantılarını eşidirdim.

Qızın Güllə əlaqədar fikirlərini deyəndə isə gözünün içi gülürdü. Qayğıkeş ata olduğunu hiss etmək heç də çətin deyildi. Bunu bütün bədən dilinlə ifadə edirdin. “Yaxşı ki qızım oldu, çox xoşbəxtəm müəllimə” deyirdin. Axı sən “bağışlayın, üzr istəyirəm övladım” demirdin. Sən bu cümləyə məna verə bilməyən, “qızım olmasa, çox pis olardım” deyən fərqli bir gənc idin. Səmimiliyini və duyğularını olduğu kimi ifadə etdiyini görüncə sadəcə gülümsəyirdim. Təsəvvürümdəki canlı uşağı yetkin və məsuliyyətli bir ata kimi görmək və ailəsi ilə qürurlanmasını hiss etmək məni sevindirirdi. Güldən, qızından danışmaqdan doymazdın, tənəffüsdə mənə yaxınlaşaraq xüsusi bir tonla “müəllimə, Gülə vaxt ayıra bilməyəndə özümü günahkar hiss edirəm, işləyərək də bəzən çatdıra bilmirəm, yorğun oluram” deyə məsləhət almaq istəyirdin. Mən isə sənin qayğıkeşliyini, məsuliyyətini, atalığını və həyat yoldaşı kimi yaxşı olmağa çalışdığını gördükcə daha da qürurlanırdım. Axı sən çox gənc idin... Gənc olmağına baxmayaraq onlar üçün məsuliyyətinin, sevginin əhəmiyyətinin fərqində idin. Övladına, həyat yoldaşına, ana və atana olan sevgini artıqlaması ilə paylaşmaq, onları xoşbəxt etmək üçün can atırdın. Bunları etsən də, edə bilmədiyin zamanlarda özünü çox günahkar hiss edirdin və mənimlə bölüşmək, rahat olmaq və səhv etmədiyini, yanlış bir şey olmayacağını eşitmək istəyirdin. Mən səni təkcə tələbəm kimi deyil, Gülün atası, Firuzənin sevgi dastanının qəhrəmanı kimi yenidən tanımağa başlayırdım. Sevgin sadəcə bununla məhdudlaşmırdı. Sən Vətənə xidmət etmək, töhfə vermək, fərqli bir cığır açmaq istəyirdin. Tələbələrinin olmasını, əsərlərinin oxunmasını istəyir, mənalı bir ömrün xəyalları ilə yanıb tutuşurdun...

Auditoriya fərqli bir yerdir. Bura təkcə mühazirə verilən bir məkan deyil. Bura tələbələrlə dəyişdiyin, “böyüdüyün”, ümidləndiyin və bağlandığın bir məkana çevrilir. Dərslərlə yanaşı, tələbələr sənin övladına, varlığının bir parçasına çevrilir və onlarla birlikdə məhsuldar, anlamlı bir təcrübə yaşayırsan. Mən bu məkanda səni tanımağa başladım. Sənin xəyalların da məni həvəsləndirirdi. Yaşlandığım zaman qarşımda tələbəm “Professor Ataməli Musaoğlu” görmək qürurumu oxşayırdı....

Bax beləcə, sizin qrupla 1 ili başa vurduq və axırıncı dəfə səninlə 28 sentyabr 2020-ci ildə danışdıq. Mənə həyatının ən gözəl qərarlarından birini verərək, təhsilini Xəzər Universitetində davam etdirmək istədiyini və cəbhəyə gedəcəyini bildirdin. Səsində bir qürur, bir sevinc, bir də qeyri-müəyyən bir həyəcan var idi. Telefonda cəbhəyə getməyin xəbərinə tutulduğumu hiss edincə, “müəllimə, hər şey yaxşı olacaq, narahat olmayın” deyib, məni sakitləşdirdin. Telefonu söndürüb düşünməyə başladım...

Həyatın qeyri-müəyyənliyi daima mövcuddur. Bəşər övladı isə bu qeyri-müəyyənlikdə müəyyənlik axtarır və üstəlik plan quraraq onu konkretləşdirmək istəyir. Beləcə mən də dəstəyi asandan sonra təlaşımın yersiz olacağını, sənin Vətənə xidmət edib, dönüb təhsilini davam etdirəcəyini, elmi iş yazacağını və layiqlı bir vətəndaş kimi özündən sonra gələcək nəsillərə çox faydalı olacağını düşünərək, bir daha səninlə fəxr etdim və narahatlığım yersiz olduğuna inanmaq istədim.

16.10.2020 tarixi... Yenə gəldin təzə xəbərlə... Amma bu dəfə mənə göndərdiyin xəbər çox ağır idi Ataməli... Yenə xəyallarımda canlandın. Gülər üzün, dəcəl və şıltaqlığınla, “mən birinci olmaq istəyirəm” deyən uşaq simanla birlikdə, qarşımda ailəsindən, Firuzə və Güldən, ata-anasından, bacısından narahat qalan məsuliyyətli ata və həyat yoldaşı olan gənclə birlikdə gəlmişdin. Uşaqlığın və gəncliyin əl ələ verib qarşımda gülərüzlə mənə baxırdı...

-Müəllimə, sizə sözüm var....

Nəsə bu dəfə üzün gülsə də, səsin çox soyuq idi... Səsinin soyuqluğu məni üşüdür və titrəyirdim... Mən əlindən tutduğun uşaqlığına və qarşımda duran gəncliyinə baxanda səni sanki bir daha kəşf etməyə başlayırdım. Yalnız bu cəsarətli gənc bu ali zirvəyə-şəhidlik zirvəsinə ucala bilər. Sanki gözümün önündə xəyalən böyüyən şıltaq, çox sual verən, sevgi dolu, xeyirxah olan bu uşaq, ailəsini, övladını, xalqını, vətənini və bayrağını belə coşqu ilə sevən gəncə doğru keçid aldı... Bu gənc birinci olan, qalib olan, düşmən zillətindən xilas olan Vətəni üçün mübarizədə payının olmasını canı bahasına göz önünə ala bilən sən idin...

25 illik qısa bir ömrünlə isə yenə də insanların həyatında iz qoydun... İstədiyin və görmək istədiyin auditoriyanın və tələbələrinin qarşısındasan... Bu səfər onlara həyatınla, sevginlə, əzminlə, coşqunla nümunəsən... Arzuların yarımçıq qaldı deməyəcəyəm... Sən daha böyük tələbə ordusuna çox mənalı, onların yadından çıxmayacaq bir mühazirə deyirsən... Yenə sən auditoriyanın önündəsən... Saf, səmimi və gülər üzünlə gənclərin qarşısındasan və hər şeyə meydan oxuyarcasına məğrur bir şəkildə onlara çalışmağı, sevməyi, sevilməyi, qürurlu olmağı, ümidli olmağı, cəsarətli, məsulliyyətli olmağı və ali hədəflərə özünü həsr edə bilməyi göstərirsən... Qarşındakı gənçlər üçün isə bundan böyük dərs, bundan böyük səadət yoxdur... Sənə baxaraq necə gözəl bir müəllim olduğunu görürlər. Sən onlara yaşamağı, sevməyi, çalışmağı, məqsədli, ümidli olmağı, səmimi və dürüst olmağı öyrədirsən... Çünki sən onlara qələbə ruhu verərək, qürurlu, məğrur gəzməyi öyrədirsən... Sən onlara hər işə olan sevginlə nələrə qadir ola biləcəklərini anladırsan, ruh verirsən. Sən bir eşq dastanı yazaraq Firuzələri, Gülləri necə xoşbəxt edə biləcəklərini göstərirsən... Bundan böyük və bundan dəyərli mühazirə dinləmədim Ataməli... Mən də artıq sənın tələbən kimi sənin dərsində və arxada oturaraq, səni dinləyən və səni sevən xalqa baxıram.... Sənə heyran olub, səninlə qürur duyurlar və səni incitməmək, dərsini bölməmək naminə aralarında pıçıldaşırlar.

“Ataməli müəllimin həyatı çox mənalı keçib və bizə danışdıqları keçdiyi mövzudan daha dəyərli oldu... Halal olsun, kaş belə dəyərli müəllimlərimiz çox ola!”

Mən isə bunları eşidərək kövrəlir, sənin kimi gülümsünür, yanaqlarımdan süzülən sevinc və kədər göz yaşları ilə oyanır və bir daha səninlə qürur duyuram...

Mənim də sənə bir xəbərim var... Qələbə qazandıq... Şuşa azad oldu... Torpaqlarımız azad oldu... Qızın Gül bu torpaqlarda başı dik və qürurlu gəzə biləcək... Anan isə nisgilli, kədərli olsa da,məğrur bir şəkildə “mən oğlumla fəxr edirəm” deyir. Firuzə üçün isə sən yenə bir qəhrəman və sevginin tam mənbəyisən və sən onda yaşamağa və sevgi dastanı yazmağa davam edirsən...

Mənim isə sənə deyəcəklərim çoxdur...Yenə yazacağam.... Yeni xəbərlərin müjdəsini verəcəyəm. Qan tökdüyün torpaqlarda, Şuşada həyəcandan səsi titrəyərək azan oxuyan əsgərdən, məscidi qürurla təmizləyən əsgərlərdən, yeni sevgi dastanlarından, xoşbəxt uşaqlardan, kövrələn və torpağını görüb üzü gülən yaşlılardan, həvəslə işləyən, qürurla gəzən gənçlərdən yazacağam... Səbrli ol...Yenə tələsirsən bu xəbərlərə... Narahat olma, birinci olmağı və birinci eşitmək istədiyini bilirəm və “birinci” sənə gözəl xəbərləri yazacağam...

İndi isə çətinlik çəkirəm yazmağa... Ruhun şad olsun Ataməli... Rahat yat...

Hörmətlə, sənin Mələk müəllimən...

Allah rəhmət eləsin!

Xəzər Universiteti olaraq şəhid Ataməli Musaoğlunun atası Seyidməmməd Musayev, anası Leyla Musayeva və həyat yoldaşı Firuzə xanıma, qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan onlara səbr diləyirik.

Qızı Gülə sağ-salamat böyüməyi, uğrunda atasının canını fəda etdiyi Azərbaycanımızın layiqli övladı olmağı arzulayırıq.