Abdullah evin tək övladı idi. Ailə 12 il övlad həsrəti çəkdikdən sonra Abdullahın qədəmləriylə sevinmişdi. Ailənin gözünün ağı-qarası bircə Abdullahı qonşuların, qohumların, dostlarının sevimlisi idi.
Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Atası Əhməd Əhmədov deyir ki, bir ailə üçün tək övladını itirmək ağırdır. Amma yeganə təsəlliləri odur ki, şəhidlər ölmür, onlar diridirlər: “Bir ata kimi çətindir bizim üçün övlad itkisi. Düzdür, şəhidliyi bir onun üçün Alla tərəfi verilən mükafatdır. Amma yeganə övlad olduğu üçün bir az görürük ki, hardasa çətinlik çəkirik. Başqa valideynlər kimi bizim də arzularımız var idi. Biz də onunla bağlı müəyyən şeylər planlaşdırmışdıq. Görünür, bu taleyi Allah-təala bizim üçün belə istəyib. Bizə bu cür qərarı verib ki, bir oğul böyüdüb, bir oğuldan keçməlisiniz. Mən heç də buna görə bir peşmançılıq hissi keçirmirəm”.
Vətən Müharibəsinin ilk günlərindən döyüşə atılan Abdulla Əhmədov Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Ailənin gözünün ağı-qarası olan Abdulla qonşuların, qohumların, dostlarının da sevimlisi idi. Anası Validə Əhmədova sonuncu dəfə oğlunu sentyabrın 13-də görüb: “Çox həvəsi var idi əsgər paltarı geyinməyə. Ayın 13-də oğlumun yanına getdik. Çox sevinirdi. Bilmədim ki, axırıncı dəfə. Axırıncı sevindiyim ayın 13-ü oldu. Həmişə zəng vuranda deyirdi, anam, özündən muğayat ol, öpürəm səni. Çox istəyirdi məni Abdulla. Mən də onu çox istəyirdim. Çünki o, 12 ildən sonra dünyaya göz açmışdı. Allaha qurban olum, Allah onu bizə gec verdi, tez şəhid oldu. Oğlum yüksək zirvələrə yüksəldi”.
Şəhidin nənəsi Lətifə Əhmədova deyir: “Abdulla çox istəkli nəvəmdir. Günlərin bir günü gəldi, əsgər getdi. Yola saldıq onu sevinclə. Dedi, ay nənə, mən gələnəcən özünü qoru. Mən də sənə qurban olum, ay Abdulla, sən də özünü qoru. Onu yola saldıq getdi sevinclə. Sonra bu hadisələr oldu, getdi şəhid oldu balam. Yüksəklərə qalxdı. Allah şəhidlərə rəhmət eləsin!”
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.