Ənvər Nizami oğlu Əliyev 1997-ci il iyunun 4-də Şərur rayonunun Axaməd kəndində anadan olub. Qəhrəman bir nəsilin davamçısı idi Ənvər. Babası Həsən kişi 1941-1945-ci illər müharibəsinin qəhrəmanı, nənəsi Sona xanım isə o illərdə arxa cəbhə veteranı olub.
Hərb sənətinə maraq körpə yaşlarından baş qaldırmışdı Ənvərin qəlbində. Məhz bu istəyi onu 2012-ci ildə oxuduğu Axaməd kənd orta məktəbindən Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə aparıb. Ənvər Hərbi Liseydə oxuduğu illərdə də dərslərində fəallığı, davranışı, vətənpərvərliyi, mənəvi keyfiyyətləri ilə seçilən kursantlardan olub, neçə-neçə fəxri fərman, medal və təşəkkürnamələrə, “İlin ən Yaxşı Kursantı” adına layiq görülüb. Ənvər 2015-ci ildə buradakı təhsilini nümunəvi attestatla bitirdiyi üçün Türkiyə Respublikasının Ankara şəhərində Quru Qoşunlarında təlimlərə göndərilib. Qardaş ölkədə oxuduğu dövrdə müəllimləri elə "Ənvər paşa" deyirdilər ona. 2016-cı ildə "paşa" Vətənə qayıdaraq təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib.
Ənvər 2020-ci ilin 1 iyul tarixində Tərtər rayonunda hərbçi kimi şərəflə xidmətə başlayıb. Vətən müharibəsində Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə elə Ənvər paşa kimi bir qəhrəman olduğunu təsdiqləyib. Leytenant Ənvər Əliyev oktyabrın 15-i Talış yüksəkliyində 2 əsgəri ilə birgə top mərmisindən şəhidlik məqamına ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ənvər Əliyev ölümündən sonra "Vətən uğrunda" , “İgidliyə görə” , "Suqovuşanın azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Kimin belə oğlu var?” deyən şəhid atası Nizami Əliyev evinin son beşiyi, elinin qəhrəmanı ilə fəxr edir:
"Ənvər lap 10 yaşında da 50 yaşında insan kimi hərəkət edirdi. Oğuldan oğul, dostdan dost idi..."
Oğlunun cansız şəkillərinə baxaraq ovunan ata deyir ki, “Oğlumun işğaldan azad etdiyi, uğrunda canını fəda etdiyi o torpaqlara tezliklə gedəcəyəm”..
Ənvər hər uğurunun sevincini ilk olaraq anası ilə bölüşürdü. Şəhidlik kimi uca məqama yüksələcəyini hiss edəndə də anasına zəng vurub, “Sən qəhrəman anasan” ,- deyib Gövhər xanıma , - "Bir də dekabrın 20–i gələcəyəm”...
Kəmalə xanım Hüseynova vaxtilə Ənvərə dərs deyib, onun necə bir şagird olmağından qürurla bəhs edir:
“40 illik pedaqoji fəaliyyətim dövründə Ənvər kimi ikinci bir şagirdə rast gəlmədim. Ənvər Mirzə İbrahimovun “Azad” hekayəsindəki Azad obrazı idi mənim üçün. Ənvərin təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmək istədiyini eşidəndə inana bilmədim ki, bu qədər sakit təbiətli bir insan necə olar ki, hərbçi olmaq istəsin. Sonralar gördüm ki, onun daxilində nə böyük bir təlatüm var imiş... Ənvər bu gün əməli ilə özünü təsdiqlədi. Ənvərin şəhidlik xəbərini eşidəndə bir daha inandım ki, Tanrı bu zirvəyə hər kəsi layiq bilmir”.