2021/04/Aqil_-1619599452.jpg

line
Adı: Aqil
Soyadı: Əliyev
Ata adı: Faiq
Doğum tarixi: 10.01.1999
Şəhid olub: 15.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəsur döyüşçü» medalı
Aqil Faiq oğlu Əliyev 1999-cu il yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005-2013-cü illərdə V. Rəhmanov adına Pələkli kənd tam orta məktəbində təhsil alıb. Aqil 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi orduda işini davam etdirib.

Aqil Əliyev 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüz naminə başlayan Vətən müharibəsinə qatılıb. O, oktyabr 15-də Suqovuşan ətrafında gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Pələkli kəndində dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Əliyev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü", "İgidliyə görə" medalları ilə təltif edilib.

Aqil hələ gənc yaşlarından hər zaman bayrağa sarılıb fotolar çəkdirər və anasına deyərmiş ki, "Mən bu bayrağı işğaldan azad edilən torpaqlarda qaldıracağam" . Bu istəklə də Aqil hərb sənətinin dərinliklərinə yiyələnib. Tovuz döyüşlərində məharətlə savaşan Aqil Şəhid Milli Qəhrəmanımız, General-mayor Polad Həşimovun nəşi qarşısında söz verir ki, onun qisasını alacaq. Beləcə Sentyabrın 27-dən döyüşə qatılan igidimiz üç hərbi vəzifəni icra etməklə düşmənə qan udduranlardan birinə çevrilib. Aqil Əliyevin göstərdiyi şücaətlər və cəsurluq döyüş yoldaşlarını da heyrətə gətirib.



Aqil evin son beşiyi olduğu üçün onu böyük bacısı böyüdüb. Ona görə də o hər sirrini, arzusunu bacısı ilə bölüşərmiş. Elə şəhadətə ucalacağını da bacısına deyib.

Şəhid hərbçimiz sonuncu dəfə anası ilə danışanda ona səhhətindən və qardaşı qızı Ayandan muğayat olmasını xahiş edib. Anasına deyə bilmədiyi sözləri isə sətr-sətr, bənd-bənd şeirə həkk edib.

Hələ gənc yaşlarından şerlər yazan Aqil ölümündən əvvəl məzar daşına yazılacaq sözləri də qeydə alıb...