Dünyaya əyilməzlik, şücaət, mərdlik dolu səlnaməsi ilə iz qoyan ikinci Qarabağ savaşında Azərbaycanın hər bir bölgəsindən olan igidlər tarixə öz adlarını yazdılar. Qusar igidləri İkinci Qarabağ savaşında da özünəməxsus şücaət göstərərək bir daha Vətənin bölünməzliyini sübut etdilər.
Rayonun hər bir kəndi kimi, Həsənqala da Vətənin çağırışına səs verdi. 1150 nəfər əhalisi olan kənddən iyirmidən artıq gənc bu döyüşlərdə iştirak etmişdir. Belə igidlərimizdən biri də İsmayılov Orxan Qədim oğlu idi. Orxan öz şəhadəti ilə artıq bir ailənin yox, bütün qalib Azərbaycan xalqının qüruruna çevrildi.
İsmayılov Orxan Qədim oğlu 1990-cı il sentyabrın 24-də Qusar şəhərində anadan olub.
Orxan ilk dəfə 2016-cı ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Lələtəpə yüksəkliyinin azad olunmasında iştirak etmişdi. MAXE kimi çalışdığı Qusarda yerləşən hərbi hissənin zabitlərinin də rəğbətini qazanan Orxan İsmayılov bir hərbçi olaraq sanki yenidən bir çağırış gözləyirdi. Belə də oldu. Bədnam qonşularımızın sentyabrın sonlarından başlayaraq təxribatçı hərəkətləri ordumuzun əks hücumu ilə nəticələndi. Orxan da müqəddəs saydığı Vətənin çağırışına səs verdi.
Ən ağır döyüşlərin keçdiyi, mənfurların böyük istehkamlar qurduğu Füzuli rayonu uğrunda gedən döyüşlərdə fədakarlıq göstərdi. Yenicə doğulmuş, bircə gün bir anlığa üzünü gördüyü oğul övladının da sanki Allahın ona şəhidlik öncəsi bir sovqatı olduğunu anlamışdı. Və buna görə də həyat yoldaşı ilə vidalaşarkən “Mən şəhid olacağam”-demişdi. Vətən ağırlığında olan şəhidlik adının ona qismət olacağını anlamışdı Orxan.
Sonuncu dəfə oktyabrın 2-də atası ilə telefonda da danışmışdı. Qədim kişi Orxannın halını soruşduqda yüksək əhvalda olduğunu, yerli əhalinin əsgərlərə qarşı hörmətindən danışmışdı.
Orxan hələ aprel döyüşlərində BTR komandiri kimi müxtəlif vaxtlarda təltiflərə də layiq görülmüşdü. 30 yaşı yenicə tamam olmuş Orxanın ən böyük arzusu Qarabağın düşmən tapdağından azad olunması idi. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə düşmən şok yaşadı. Dünyaya car çəkdiyi “yenilməz ordu” mifi darmadağın oldu.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.