Axundzadə Kənan Hamil oğlu 2 avqust 1994-cü ildə Lənkəran şəhərinin Girdəni kəndində anadan olub. 2001-2012-ci illərdə şəhid Məhəmməd Bağırov adına Girdəni kənd orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra səhhətində yaranmış problemlərdən dolayı hərbi xidmətə aparılması təxirə salınsa da Kənan, tezliklə bu problemləri aradan qaldıraraq yenidən hərbi komissarlığa müraciət edib və 2012-ci ildən Murovda N saylı hərbi hissədə xidmətə başlayıb.
Bu zaman o, atasının ölüm xəbərini almasına baxmayaraq güclü iradə nümayiş etdirərək, hərbi xidmətini qüsursuz bir şəkildə başa vurub.
2014-cü ildə doğma kəndi Girdəniyə qayıdan Kənan anasına atasının yoxluğunu hiss etdirməmək üçün fiziki və mənəvi cəhətdən səfərbər olaraq, 2020-ci ilədək müxtəlif işlərdə çalışıb. Həmin ilin avqust ayından müddətdən artıq hərbi xidmət keçmək məqsədi ilə yenidən ordu sıralarımıza yazılıb. Vətən müharibəsinin ilk günlərindən Kənan öz cəsurluğu ilə seçilib. Kənanın döyüşçü yoldaşları onu “Rembo” ləqəbi ilə çağırırdılar.
Komandirlərindən birinin dediyinə görə oktyabr ayının 30-u döyüşün ən qızğın vaxtında, Kənan səngərdən çıxaraq düşmənin üzərinə yeriyərək, bir neçə düşmən əsgərini məhv edib. Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sağ çiyin nahiyəsindən və sinəsindən güllə yarası alaraq şəhidlik mərtəbəsinə yüksəlib.
Axundzadə Kənan Hamil oğlu vətən yolunda sinəsini sipər etməklə Azərbaycan gəncliyinə növbəti nümunə oldu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənan Axundzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə gorə" və "Xocavəndin azad edilməsinə gorə" medalları ilə təltif edilib.