Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canını fəda edən qəhrəman oğullarımızdan biri də Sərxan İslam oğlu Əliyevdir. Sərxan 16 yanvar 1998-ci ildə Sumqayıt şəhərində anadan olub.
Sərxan Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə könüllü qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək oktyabrın 9-da Füzuli rayonunun Horadiz kəndi istiqamətində gedən döyüşlərdə həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə də Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.