2017-ci ildə 19 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmiş, “N” saylı hərbi hissənin əsgəri kimi Füzuli uğrunda gedən döyüşlərdə yer almışdır.
1 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin nəşi bir müddət neytral zonada qaldıqdan sonra götürülmüşdür.
9 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Muradov Elcan Eldəniz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Subay idi.
Şəhid. Bu ada layiq görülənlər tarix yazırlar. İnsanlar tarixi yazanlar və tarixi oxuyanlar olmaqla iki hissəyə ayrılırlar. Şəhidlər məhz birinci qrupa aiddirlər. Ana Vətənin alnına yazılan bu adlar əbədi yaşayırlar. Şəhidlərin Allah tərəfindən seçildiyini desək yanılmarıq. İnsanın ən dəyərli varlığı canıdır və şəhidlər məhz bu varlığını fəda edir. Bəşər övladının doğum və ölüm tarixi olsa da, şəhidlər bundan istisnadırlar. Çünki şəhidin doğum tarixi olsa da, ölüm tarixi olmur. Şəhid öz canı bahasına əbədiyyən var olur, heç vaxt ölmür!
Şəhid Elcan Muradov vətənimizin, xalqımızın qəhrəman oğullarındandır. O, on doqquz yaşını yenicə tamamlamışdı. Ömrünün ən dəyərli çağlarından məhrum oldu. Az yaşasa da, mənalı həyatı ilə yaddaşlarda qaldı. Mərd yaşadı və mərd kişilər kimi bayrağa bürünərək Ana Vətənin müqəddəs torpağına əmanət qoyuldu. Yüzlərlə insan izdihamından ibarət xalq kütləsi üçrəngli bayrağımızın ağuşuna aldığı Elcan Muradovu 09.10.2020-ci il tarixdə, Bayraq günündə Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn etdi.
Vətən, millət yolunda Allaha xatir canlarından keçməyə razı olanlar ən yüksək zirvəni – Şəhidlik zirvəsini fəth edirlər. Niyə? Çünki Uca Allah buyurur:
“Sizi yurdunuzdan çıxaranları siz də çıxarın!”
“Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun!” (Qurani-Kərim)
Şəhidlər bu ilahi mesajlara öz qanları və canları bahasına əməl edirlər və məhz bu səbəbdən əbədi səadət diyarı olan cənnətlə mükafatlanırlar.
Elcan Muradovu şəxsən yaxından tanımışam. Onu həmişə özümə mənəvi qardaş bilmişəm. Dünyaya gəldiyi 03 iyul 2001-ci il hələ də gözlərim önundədir. Hamı, qohum-əqrəba sevinclərindən az qala toy-düyün edirdilər. Aradan neçə il bir-birini çox sürətlə əvəz etdi. 18 yaşına qədəm qoyanda Elcanı cəmi dörd-beş qohum-tanış hərbi xidmətə yolladı. Bu onun son gedişi idi...
Hərdən telefonla danışarkən mənə gileylənirdi. Deyirdi ki, “bəlkə sağ qayıtmadım. Kaş, bütün əzizlərim məni əsgərliyə yola salardı”. Bu giley-güzar səbəbsiz deyildi. Aylar sonra şanlı Qarabağ döyüşü başladı. Onunla son danışığım da məhz bu döyüşdən iki gün əvvələ təsadüf edirdi. Deyib-gülür, gələcək planlarından danışırdı. Ən çox işlətdiyi: “Sənə qurban olaram” sözü hələ də qulağımda əks-səda eləyir...
Qızğın döyüşlərdə cəmi bir neçə dəfə yaxınları ilə telefon əlaqəsi saxlaya bilmişdi. Sonra günlərlə xəbər-ətər olmadı. Günləri həftələr əvəz edəndə hamı nigaran olmağa başladı. Komandirinə zəng edildi. Zəng açılmadı və bir gün...
Bir gün Fikrət Əmirov küçəsində evlərində bibiləri, əmisi və digər doğmaları cəm olarkən telefonun zəngi çalındı. Dəstəyi Elcanın atası Eldəniz Muradov götürdü. Zəng edən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi idi. Sanki deyəcəyi xəbərdən öncədən duyuq düşən ata əlini ağzına yaxınlaşdırıb sakitlik istədi. İcra nümayəndəsinin son sözü bu oldu: “Oğlunuz Elcan Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin!”.
Şəhidin bibisi həmin səhnəni belə xatırlayır: “Telefonda nə dedilərsə, qardaşımın dizlərində taqət tükəndi. Dəstək havada asılı qaldı. Hamımız məsələnin nə yerdə olduğunu onda bildik”.
Ertəsi gün bayrağa sarılmış tabut bir neçə hərbçinin çiynində Elcanın dünyaya göz açdığı ünvana gətirildi. Elcanın qarşısına canını uğrunda fəda etdiyi el çıxdı. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı da daxil, neçə-neçə yüksək rütbəli və vəzifəli şəxsin iştirakı ilə, yüzlərlə insanın müşayiətilə Elcan Muradov Şəhidlər Xiyabanına yola salındı...
Gənc yaşında torpağa qismət olan Elcan dünyadan qəhrəman kimi getdi. Belə bir deyim var: “Şəhid harda uyuyursa, ora Vətənin ən müqəddəs bir parçasıdır”. Üçrəngli libasını geyinmiş şəhid məzarı indi hamımızın ziyarət yerinə çevrilib.
Əziz qardaşım, Elcan! Bu Vətən, bu xalq səni həmişə xatırlayacaq. Sənin adın müqəddəs əmanət kimi nəsildən-nəslə, atadan-oğula ötürüləcək. Sənin adın insanlığın, ədalətsevərlərin qürur yeri olacaq. Səninlə bütün Azərbaycan qürur duyur. Qəbrin nurla dolsun və yerin əbədi behişt olsun. Amin!
Elvin ARİFOĞLU
memorial.az