Əjdər bütün həmyaşıdları kimi orta məktəb təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılıb. Vətən qarşısındakı borcunu şərəflə, ləyaqətlə başa vurub. Hərbçi olmağı özü üçün şərəfli peşə seçib. Odur ki, 2016-cı ildən müddətdən artıq xidmətə yazılıb və Azərbaycan Ordusunun tərkibində ləyaqətlə xidmət etməyə başlayıb.
Vətən müharibəsi başlayanda 4 il idi ki, Əjdər orduda xidmət edirdi. Artıq püxtələşmiş, hərbi texnikanın dilini öyrənmişdi. Onun amalı belə idi: “Vətənin qəhrəman oğluna çevrilərək Vətən torpağı uğrunda ya şəhid, ya qazi olmaq!” Ermənilərlə mübarizəyə özünün idarə etdiyi tankla qoşulub. Tank-tuşlayıcı idi. Döyüşün başladığı ilk gündə, ermənilər tərəfdən dayanmadan qrad və toplardan atəş açılır, mərmilər yağıştək tökülürdü. Belə anda nəyisə gözləməyin yeri deyildi. Əsgər və zabitlərimiz mənfur erməninin qarşısına çıxaraq onları məhv etməyi, yaxın ərazilərdən qovub çıxarmağı qarşılarına məqsəd qoymuşdular. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Sabirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər də ekipajla birlikdə öz tankı ilə irəliləyirdi. Qəfləti hiss etdi ki, ermənilərin mühasirəsinə düşmək təhlükəsi var. Özünü itirmədən tankı “Ural” maşınının üstünə sürüb və maşını əzib keçib. Yenidən geri qayıdanda minaatanla vurulub.
Əjdər oktyabrın 8-də Talış istiqamətində şəhid olub. 10 gün onun çəsədini neytral ərazidən çıxarmaq mümkün olmayıb.
2020-ci il oktyabr ayının 11-də Əjdərin cansız bədəni tabutda böyüdüyü kəndə gətirilib və uğrunda şəhid oldugu torpağın qoynunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Əjdər Sabirli ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən Əjdər Sabirli ölümündən sonra
"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.