Fərmin Fərman oğlu Əliyev 1996-cı il martın 20-də Babək rayonunu Şıxmahmud kəndində anadan olub. Zəhmətkeş kəndli ailəsində böyüyən Fərmin 2002-2011-ci illərdə Şıxmahmud kənd tam orta məktəbində, 2011-2013-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirib. Quru qoşunlarda xidmət etməyi seçib motoatıcı olan Fərmin "kişi öndə gedər" deyərdi.
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə "Xüsusi təyinatlı texnika və sistemlər" ixtisasına yiyələnən leytenant Fərman təhsilini tamamladıqdan sonra işə başladığı N saylı hərbi hissədə vətənpərvərliyi, çevikliyi ilə hər kəs tərəfindən rəğbət və hörmət qazanıb. İlk işlədiyi dövrdə əsgər heyətində təlimlərə başlayıb. Məsuliyyəti, tələbkeşliyi, tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi üçün zabit heyətində təlimlərə keçirilib.
Leytenant Əliyev 2020-ci ilin Vətən müharibəsində Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da dəstəsi ilə birgə bir neçə yüksəkliyi ələ keçirib. İgidlərimiz onları atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyasını məhv ediblər. Yorğun və silah-sursatı tükənmək üzrə olan heyət bir neçə saatlıq istirahət etməyi qərara alıb. Bir müddət sakitlikdən sonra düşmənin xain və qəfil həmləsinə tuş gəliblər, itkidən qaçmaq mümkünsüz olub. Düşmən gülləsi Fərmini ürəyindən nişan alıb. Şəhidimiz oktyabrın 1-də sevdiyi bayrağına sarılı şəkildə doğulduğu Babək rayonuna gətirilərək Şıxmahmud kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərmin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Bundan başqa, Fərmin ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə də layiq görülüb.
Şəhid Fərmin tez-tez vətən, müharibə, qisas, torpaqlarımızın geri qaytarılması barədə söhbətlər edərdi. İş həyatında da əsgərlərinə, yoldaşlarına xüsusi qayğısı ilə seçilirdi. Silahdaşları onun nə qədər xoşxasiyyət, mərhəmətli olduğundan danışırlar. Fərmin öz şəxsi məvacibindən ayıraraq əsgərlərin çatışmayan ehtiyaclarına xərcləməyi əsirgəməzdi. O, hər zaman gecə postda duran əsgərlərin yanında durardı. "Əsgərlərin yaşı azdır, qorxu hissi keçirib hiss elətdirməzlər" , - deyə narahat olurdu. Fərmin 45 günlük məzuniyyətini yay aylarına saldırardı ki, evdə atasına təsərrüfat işlərində kömək etsin. Hər dəfə kəndlərinə gələndə bütün qohumlarına tək-tək baş çəkərdi. Fərminin gözəl qəlbi onu bütün tanıdıqlarına sevdirmişdi.
Fərmin 2019-cu ildə ailə həyatı qurub. Toyunun Bayraq gününə düşməsi təsadüfi deyilmiş. Bayrağa olan sevgisini toy həyətini, bəy stolunu, bəy maşınını üçrəngli bayraqlarla bəzəməklə göstərib. Müharibənin birinci günü evə zəng edib. Toyundan cəmi 9 ay keçməsinə baxmayaraq, sanki illərin ailə başçısı kimi öz həyat yoldaşına “sizi sevdiyim qədər Vətənimi də sevirəm. Mən şəhid olsam, siz Vətənə əmanətsiniz. Sən güclü və ağıllı qadınsan. Hər şeyin öhdəsindən gələcəyinə inanıram. Doğulacaq körpəmə yaxşı baxarsan. Qismət olsa, görüşərik” ,- deyib. Şəhid olduğu tarixdən 23 gün sonra övladı dünyaya gəlib, öz arzusu ilə övladına atası Fərmanın adı qoyulub.
İgid vətən oğlu müharibədən əvvəl "Həmlə" kəşfiyyat taborunun üzvi kimi işğal olunmuş kəndlərimizdə kəşfiyyatda olub. General-mayor Polad Həşimovun vurulması Fərmini həddindən çox sarsıdıb. "Bu, bizə ləkə oldu, bu, bizə ağır yük oldu. Bunu heç cürə qəbul edə bilmərik" deyirdi.
Fərmin atası ilə sonuncu telefon danışığında şəhidliyin necə üstün bir zirvə
olduğunu, əgər şəhid olarsa, narahat olmamasını, başını dik tutmasını tapşırıb. Hətta ailəsi ilə danışığında doğulmamış körpəsini bütün Azərbaycan xalqına əminliklə əmanət etdiyini bildirib. Zarafatyana, şəhid olarsa, hansı şəkillərini böyüdəcəyini belə tapşırıbmış...
Silahdaşı qazi Elmir Paşayev Fərminin döyüş yolundan danışır:
"Cənab Prezident əks-hücum əmri verən gün bu xəbər Fərminin ürəyindən oldu. Tapşırığı yerinə yetirmək üçün toplaşan 200 nəfərlik heyətə komandirin göstərişi ilə "Həmlə" kəşfiyyat taborunun ilk könüllü dəstəsinin yaradılması göstərişi verildikdə ilk olaraq Fərmin irəli atılmışdı. 50 nəfərlik dəstəyə onun komandirlik etməsi tapşırıldı".
Digər döyüş yoldaşı Emin Həsənli də Fərminin şücaətindən danışır:
"Ağdərə istiqamətindəydik. Talış kəndi uğrunda düşmənin xüsusi təyinatlısıyla üz-üzə döyüşlər asan olmadı. Fərminin dəstəsindən bir neçə şəhid verdik. Həmin kənddə mühasirədə qalan 30 nəfərin köməyinə çatdıq. Kənd tamamilə işğaldan azad edildi. Talış kəndinin qabağı, Ağuçuq deyilən yüksəkliyi almağımıza baxmayaraq, düşmən gündə 4-5 dəfə hücum edirdi. Hər dəfə itki verib geri çəkilirdilər. Onların xüsusi təyinatlıları ilə döyüşə girdik. Ondan bir gün qabaq Fərmin öz dəstəsi ilə bir yerdə Gülüstana girib oranın altını üstünə çevirib çıxmışdı".
Ən yaxın dostu, qardaşı olan Vəli Quliyev Fərminin şəhidlik xəbərini aldıqda onun qanını yerdə qoymayacağına söz verib. Fərminin həyat yoldaşı Fatimə xanıma zəng edərək "bacı, narahat olma, Fərminin körpəsinin bu qədər əmisi var, Fərman heç vaxt atasız hiss etməyəcək özünü, onun atasının adı, qəhrəmanlığı ona yetəcək" , - deyib... Sözünə sadiq qalıb Cəbrayılda düşmənlə üz-üzə gələn Vəli ən yaxın dostuyla bərabər indi cənnətdə uyuyur.