Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən və Qələbə ilə başa çatan Vətən Müharibəsi onlarla igidimizin qəhrəmanlıq salnaməsiylə yaddaşlara əbədi həkk olundu. Gənc olmalarına baxmayaraq 30 ilin həsrətinə 44 gündə canları bahasına son qoyan igidlərimizin son nəfəsində belə mərdliklə "Təki Vətən sağ olsun " demələri Azərbaycan əsgərinin nə qədər mərd olduğunu göstərdi.
Elə qanı ilə tarix yazan qəhrəmanımız Orxan Namazov kimi...
Orxan Ceyhun oğlu Namazov İkinci Qarabağ müharibəsində, Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəmanlarımızdandır. O, 1994-cü il noyabr-ın 24 də Gəncə şəhərində anadan olub. Orta təhsilini Goranboy rayonunun Xoylu kəndində fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Gəncə Regional Kollecinə daxil olan Orxan, bu təhsil ocağını da müvəffəqiyyətlə bitirib.
Orxan Namazov Azərbaycan ərazilərinin erməni işğalından azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən II Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərə atılır. O, Vətən uğrunda gedən döyüşlərdə yüksək peşəkarlıq, igidlik və mərdlik nümunəsi göstərir. Qəhrəman igidimiz Murovdağ yüksəkliyi, Talış dağ zirvəsi, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edərək, onlarla erməni faşistini məhv etdi. O, 10 oktyabr tarixində Suqovuşan istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhidlik zirvəsinə ucaldı.
Zaman ötsə də , fəsillər dəyişsə də, illər əsrlərə, əsrlər minilliklərə çevrilsə də, qanları ilə dastan yazan şəhidlərimiz heç zaman unudulmayacaq.
Adları dillərdə, xatirəsi isə ürəklərdə yaşayacaq!
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Orxan Namazov ölümündən sonra “Suqovuşanın azad olunması” ,"İgidliyə görə" və “Vətən uğrunda” medalları ilə təltib edilib.