2021/04/agasi-4859102082.jpg

line
Adı: Həsənov
Soyadı: Vurğun
Ata adı: Ağası
Doğum tarixi: 06.08.1995
Şəhid olub: 21.10.2020
Rütbəsi: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Vurğun Həsənovdur.

Həsənov Vurğun Ağası oğlu 06 avqust 1995-ci ildə Siyəzən şəhərində anadan olub.Atasının Rusiyada işləməsi ilə əlaqədar bir müddət orada yaşayıb. Əvvəlcə Siyəzən şəhər C.Cabbarlı adına 1№li orta məktəbin rus bölməsinə qəbul olubvə burada təhsil alıb. Sonralar o təhsilini Siyəzən şəhər 6№li və daha sonra 5№li tam orta məktəbdə davam etdirib. Əsgəri xidmətini Tovuzda yerləşən N saylı hərbi hissədə çəkib. Sonralar Siyəzən Broyler Quşçuluq fabrikində fəhləlik edib.

Vurğun Həsənov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Xocavəndin azad olunmasına görə medalı, "Füzulinin azad olunmasına görə", “Vətən uğrunda” medalları ilə təltif edilib.

***
Şəhidimizin babası Mirzəməmməd kişi :”Bu müharibə axı bizim hamımızın arzusu idi. Nə vaxta qədər daşıyacaqdıq axı üstümüzdəki məğlubluq ləkəsini. Yorulmuşduq “böyük dövlətlərin” bizə qoyduğu qadağaları dinləməkdən. O Minsk səyyahları hər dəfə gəlib-getdikcə, boş-boş vədlər verməklə ölkəmizdən güzəştlər tələb etdikcə, bilirsiniz, nə qədər əsəbilik keçirirdik. Sevindik Ali Baş Komandanımız əks hücum əmri verəndə. Bitməliydi axır ki, bu oyun. Müharibədir. Əlbəttə,onun qəhrəmanı da olacaq, yaralananı, elə mənim nəvəm kimi şəhidi də. Neynək, təki Vətən sağ olsun. Prezidentimiz dediyi hər bir sözü, kəlməni qanun kimi qəbul edirəm. Lazım olsa, bu yaşımda elə özüm döyüşə getməyə hazıram. Təki qalib gələk, təki zəfər çalaq. Azad olsun biryolluq mənfur düşmənlərdən torpaqlarımız. Qurtarsın, bitsin xalqımızın Qarabağ dərdi”.


Atası Həsənov Ağası Şahbaba oğlu : Bilirsiniz, Qarabağ müharibəsinin birinci mərhələsində mən özüm də döyüşlərdə müxtəlif əməliyyatlarda iştirak etmişəm. O ərazilərdən çoxlu tanışlarım var. Bir dəfə onlardan birinə rast gəldim. Oğlumun-Vurğunun onların rayonunda, Tovuzda hərbi xidmətdə olduğunu dedim. Həmin şəxs rayona gedəndən sonra oğlumu sərhəd postundan icazəylə Tovuza gətizdirmiş, istəyirsə orada hərbi qulluğunu təşkil edə biləcəyini bildirmişdi. Dostumun bu təklifindən sonra Vurğun zəng vuraraq məni məzəmmətlədi: Orda dünən mənim yoldaşım snayper gülləsinə tuş gəlib. Mən burada şəhərdə necə gizlənim?-soruşdu. Səhərisi gün öz hissəsinə qayıtmışdı.

Əsil vətənpərvər idi mənim oğlum. General Polad Həşimovun həlak olmasından sonra özündə-sözündə deyildi. “Bilirsən, ata, biz kimi itirmişik? Axı, biz o azğınların cavabını nə vaxt verəcəyik?”- soruşurdu. Fikirli gördüm onu bir gün. Səbəbini soruşdum. “Yazılmışam, ata, orduya. Könüllü yazılmışam. Bəsdir daha. O azğınların cavabını vermək vaxtımız çatıb. Ürəyim mənə deyir ki, Ali Baş Komandanımız yəqin bu günlərdə hücum əmri verəcək”. Bax, beləcə cəbhəyə gedən ilk könüllülərdən biri oldu Vurğunum”.

Əmisi Həsənov Gündüz Şahbaba oğlu : Vurğunun atası həmişə iş dalıyca orda-burda olub. Günü Rusiyanın şəhərlərində keçib. Vurğuna mən himayədarlıq etmişəm. Bax, bu evdə üç ailə yaşayır. Hamımızın çöl-bayır işləri Vurğunun boynuna idi. Çox həlim uşaq olduğuna görə məhəllənin sevimlisinə çevrilmişdi. Hamının işinə-gücünə yarayırdı. Məhəlləmizdə yaşlı, uşaq, əli zənbilli kimi görsə,əlindən alır, onları evlərinə qədər çatdırırdı. O qədər “Allah saxlasın” eşitmişdi ki. Şükür Allahın məsləhətinə. Dinə bağlı adam idi. “Şəhadət” arzulayırdı özünə. Görünür, uca Tanrı eşidib onun istəyini”.

Qardaşı Həsənov Rəşad Ağası oğlu :-Vurğunda heç bir haqsız hərəkət görməmişəm. Çox mehriban, həlim qardaş idi. Bütün işlərin çətinliyini öz üzərinə götürərdi. Yoruldum deməzdi. Ağıllı uşaqlarla oturub-durardı. Yoldaşları onun xətrini çox istəyirdi. Oruc tutur, namaz qılırdı. Əsil dədə-baba qaydası ilə. Yaşlılardan öyrənirdi dinə necə qulluq etməyi. Kərbəla ziyarətinə getmişdi elə ötən ilin oktyabr ayında. Əməlisalehliyi ilə seçilirdi. Çox xeyirxah idi mənim qardaşım.

Yaxın qohum Kərbəlayı Cəfərov Çingiz Loğman oğlu : Vurğunla birlikdə Kərbəla ziyarətində olmuşam. Doğmalarımızdan biri Rasim qardaşım təşkil etmişdi bu ziyarəti. Tək mənə idi bu təklif. Ondan xahiş etdim ki, daha bir nəfər üçün bu şəraiti yaratsın. Nəzərə aldı. Bir neçə gündən sonra yola düşdük. İrandakı bütün ziyarətgahlarda olduq. Son olaraq İmam Rza türbəsini ziyarət etdikdən sonra qrupumuz İraqa yola düşdü. Bütün yol boyu doğmamı bir daha tanıdım. Nə qədər halal-haram gözləməyinin şahidi oldum. Onun üçün bir qəpik belə artıq xərcləməyimə imkan vermir, qrupda olanların hamısının qulluğunda dururdu. Ərəbcə mükəmməl savad almasındandı ki, yol boyu hey Quran oxuyurdu. Hər yerdə hər bir görüləsi işdə çoxundan öndə olurdu. Yola çıxanda anası ondan muğayat olmağı tapşırmışdı mənə. Narahat olurdum ondan ötrü. Hər şeylə maraqlandığı üçün çox tez-tez itirirdim onu. Gah dala qalır, gah öndə gedirdi. Narahatlığımı bildirəndə-“Qorxma, mənə heç nə olmaz”-deyirdi. İran, İraq sərhəddində ayrı düşdük ondan. Nəcəf-Kərbəla arası yetmiş kilometrlik yolu piyada getdik. Adətən yaşlı adamlar bu yolu üç günə gedə bilir.

Müqəddəs Kərbəlaya Vurğunun olduğu qrup bir gün ərzində çatmışdı. Ziyarətimizi başa vurduq. Yoldaşlarımdan eşitdim ki, Vurğun İmam Hüseynin məzarı üstündə özünə şəhadət arzulayıb.

Şəhid kimi qayıtdı cəbhədən Vurğun. Silah yoldaşlarının dediyinə Xocavəndin işğaldan azad olunması uğrunda döyüşlərdə düşmən tərəfindən atılmış mərmidən otuz nəfərə qədər yoldaşını xilas edərkən Şəhid olmuşdu Vurğun.

On səkkiz günlük ziyarətimizdə qazandığı böyük hörmətin nəticəsi idi ki, onun dəfnində o zəvvarların demək olar ki, hamısı iştirak edirdi. Bax, belə oğul idi Vurğunumuz.

Yaxın qohum Bağırov Rəhim Rəhmət oğlu: Doğmalığımız var bu ailə ilə. Ona görə də onların hər birinə yaxşı bələdəm. Sakit-salim ailədir. Vurğunun qanacağına, qabiliyyətinə söz ola bilməzdi. Uzun illərdir uşaqlarla, cavanlarla işləyirəm. Beləsinə tək-tək rast gəlmək mümkündür. Böyük-kiçik yeri bilən, ədəb-ərkanlı, oturuşunu-duruşunu bilən oğlan idi Vurğun. Xoşu gəlmirdi yüngüllük edənlərdən. Ağsaqqal kimi idi elə kiçik yaşlarından. Ağır oturub batman gələnlərdən idi. Dinləməyi bacarır, cavab verməyə tələsmirdi. Ətrafın, bütün qohum-əqrabanın işinə yarayırdı. Birinci olmaq istəyi vardı canında.

***

Allah qatında şəhidlik ən gözəl və yüksək məqamlardan biridir. Namaz anında, səcdədə şəhadətə ucalmaq hər insana nəsib olmur. Bəlkə də Allah ən seçmə bəndələrinə bu gözəlliyi bəxş edir. Vurğun Həsənov belə seçilmiş insanlardan biri idi.

Yəqin ki, sosial şəbəkələrdə pulların üzərinə yazılan "Şəhid olmaq istəyirəm. Şəhid olsam sədəqə verərsiniz" sözləri hamı görüb kövrəlmişdi. O sözləri yazanın Vurğun Həsənov olduğu ortaya çıxmışdı.

Vurğunun döyüş yoldaşı Elxan Məmmədov onun həmişə şəhid olmağa can atdığını deyir:

"Mən, Həsənov Vurğunla müharibə başlayan gün, ayın 27-si tanış olmuşdum. Sakit təbiətli biri idi. Heç kimlə danışmırdı. Gözəl xarakterli, mülayim insan idi. Mən də təbiət etibarı ilə sakit olduğum üçün onunla bizim ünsiyyətimiz çox yaxşı alınırdı. Vurğun namaz qılan idi. Şəhid olmaq arzusundaydı. "Şəhid olmaq istəyirəm, amma mənə elə gəlir ki, olmayacam", "Elə şəhid olmaq istəyirəm ki…" kimi cümlələri hələ də yadımdadır. Biz Cəbrayılın rayonlarını almışdıq, artıq təpələr uğrunda döyüşürdük. O, döyüşlərdə çox fəal idi. Elə bil özünü həmişə irəli atırdı ki, şəhid olsun. Biz təpənin alınmasına gedəndə qarşıdan atırdılar, bir də gördüm kimsə Bismillah deyib ermənilərə tərəf güllə yağdırmağa başladı. Dedi ,“onlar atır biz durub baxmayacağıq ki…””.
Vurğunun döyüş yolu üzü Şuşaya doğru Füzuli, Cəbrayıl, Xocavənddən keçib. Vurğun 21 oktyabr tarixində Xocavənd uğrunda gedən döyüşlərdə yanına minaatan mərmisi düşməsi nəticəsində şəhid olub. Elxan Məmmədov deyir ki, Vurğun əslində onların bölüyünün əsgəri olsa da, Xocavəndin bir kəndi işğaldan azad edilərkən o, gecə başqa bölüyün əsgərləri ilə birgə hücuma keçib. Vurğungil gecə həmin kəndə girdiyinə görə artıq müəyyən dərəcədə ora bələd imiş. Elxangilin dəstəsi də minaatanların atəşi altında gecəylə həmin istiqamətə irəliləyib. Tezdən onlar kəndə çatanda Vurğun döyüş yoldaşlarına isinmək üçün evlər göstərirmiş ki, "gedin oturun", "isinin".

Elvin döyüş yoldaşının necə şəhid olmasından da söz açıb:

"Uşaqların bəziləri çöldə maşında idi. Bəzilərimiz isə onun göstərdiyi evdəydik. Ermənilər əvvəl atmırdılar, birdən atmağa başladılar. Həmin vaxt biz olduğumuz evin yaxınlığına minaatan düşdü. O anda hamımız çölə çıxdıq. Hərəmiz bir tərəfə səpələndik. Onlar hələ atmaqda davam edirdilər. Mən Vurğunun şəhid olduğu anı görməmişəm. Çünki onun yanında deyildim həmin vaxt. Evin yaxınlığında bir ağac var idi, uşaqların dediyinə görə Vurğun onun yanında imiş. Biz onu tapanda səcdə halında ikən şəhadətə ucalmışdı. Orda yaralılarımız da olmuşdu. Vurğun həmişə namaz qılandan sonra şəhidlərimizə dua edirdi. "Allah şəhidlərimizə rəhmət eləsin" . "Kərbəla şəhidlərinə qonşu olsunlar", "Allah valideynlərinin günahlarını bağışlasın", "Allah bizlərin günahlarını bağışlasın" deyə, döyüşdə hamıya dua edirdi. İndi Allah özünə rəhmət eləsin. Allah onları Kərbəla şəhidləri qədər ucaltsın. Allah günahlarını bağışlasın. Ruhları şad olsun".