44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Əhəd Ağayevdir.
Əhəd Bilal oğlu Ağayev 16 yanvar 1986-cı ildə Astara rayonunun Motlayataq kəndində anadan olub. 6 qardaş, 5 bacı olmaqla, ailədə 13 nəfər idilər. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Orta təhsilini Astara rayon şəhid S.Qurbanov adına Motlayataq kənd tam orta məktəbində alıb.
2005-ci ilin aprel ayında Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib və 2006-cı ilin oktyabr ayında xidmətini başa vurduqdan sonra evinə qayıdıb. Ehtiyata buraxılan Əhəd ata-anasına kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayıb. Sonradan ailə həyatı qurub.
27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı Əhəd könüllü olaraq Hərbi komissarlıqdan qeydiyyatdan keçir və müharibəyə yollanır. Füzuli, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir, böyük qəhrəmanlıq və şücaətlər göstərir. Daha sonra Xocavənd istiqamətində gedən döyüşlərə qatılır, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir.
Qəhrəman Əhəd noyabr ayının 1-də Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Astara rayonunun Motlayataq kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. Ondan xalqımıza 2 oğul və 1 qız övladı yadıgar qalır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əhəd Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əhəd Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əhəd Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.