Cavid Əliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Azərbaycan Ordusu sıralarından təxris olunduqdan sonra təhsilini başa vurub, daha sonra isə inşaat sahəsində çalışıb.
2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsində iştirak etmək üçün Cavid SHXÇDX-yə müraciət edib və könüllü müharibəyə yollanıb. Snayper olan və onlarla erməni hərbçini öldürən Cavid noyabrın 9-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Noyabrın 16-da Tovuz rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Cavid Əliyev ölümündən sonra
"Vətən uğrunda" ,
"Cəsur döyüşçü" və
"Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.