O ata-anasının ilki, evin tək oğulu idi. İxtisasca filoloq olsa da, məktəbdə dərs deməkdənsə, vətənin keşiyində durmağı üstün tutub.Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Vətən müharibəsi qəhrəmanı” fəxri adı ilə təltif olunmuş şəhid Valeh Bədəlovun keçdiyi qəhrəmanlıq yolundan danışacağıq.
Bədəlov Valeh Vahid oğlu 10 oktyabr 1990-cı ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub. Ailədə 3 uşaq olublar. 2 oğlan 1 qız. Qardaşı Taleh uşaq yaşlarında dünyasını dəyişib. Ailənin böyük uşağı Valeh olub. 1996-cı ilə Aşağı Tala kənd Ramiz Şabanov adına 3 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2007-ci ilin mayında məktəbi bitirib. 2007-ci ilin sentyabrında Qafqaz Universitetinin(indiki Bakı Mühəndislik Universiteti) filologiya fakultəsində təhsil almağa başlayıb. 2012-ci ildə Azərbaycan dili və Ədəbiyyat ixtisası üzrə həmin Universiteti bitirib. 2013-cü ildə Azərbaycan ordu sıralarında hərbi xidmətini başa vursa da, Ali təhsilli olmasına baxmayaraq, Vətən eşqi qəhrəmanımızı səngərlərdə xidmətə səsləyib.
XTQ kurslarına əlavə olaraq, Türkiyədə Komando kurslarını da keçib. Hərbi xidməti bitirdikdən sonra hərbiçi olaraq fəaliyyətini davam etdirən qəhrəmanımız XTQ Baş Leytenant Bədəlov Valeh aprel döyüşlərində də şücaətlə iştirak edib. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində fəal iştirak edən igidimizin döyüş yolu Murovdan başlasa da, daha sonra Cəbrayıl və Füzuli rayonlarına doğru irəliləyib. Lakin Füzulidə gedən döyüşlər zamanı 7 oktyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Atası Vahid kişinin sözlərinə görə, Valeh orta məktəb illərindən hərb sahəsinə çox meylli olub:“Orta məktəb illərində keçirilən hərbi-idman yarışlarında, təlimlərində çox fəallıq göstərirdi. Hərbi təlim məşğələlərində avtomat silahının sökülüb-yığılmasında həmişə birinci olardı. Mövsüm zamanı ova gedəndə Valeh də bizlə gələrdi. Valeh hər danışanda gələcəkdə hərbçi olacağını və ermənilərin torpaqlarımızdan çıxarılmasında iştirak edəcəyini deyirdi”.
Valeh sözünün üstündə də durdu. O, hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qoşunlarda xidmətini davam etdirən zaman həmin müddətdə 3 il kurs keçdi. Təlimlərdə birinci yer tutduğu üçün ona leytenant rütbəsi verildi.
Anası Südabə xanım : “Oğlum əsl hərbiçi idi. O, işləri barədə həyat yoldaşına belə heç nə danışmazdı. Adətən,hərbi təlimlərə qoşulur, hərbi sirlərə yiyələnirdi. Türkiyədə keçirilən təlimlərdə iştirak etmişdi. 2018-2019-cu illərdə qardaş ölkədəki təlimlərdə fərqləndiyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan onu ön sıraya çıxararaq, “əsl zabit belə olar” demişdi”.
Şəhidimizin bacısı Vüsalə Bədəlova qardaşı ilə bağlı xatirələrindən danışıb:
“Qardaşım məndən üç yaş böyük idi. Kitab oxumağı çox sevirdi. Bir kitabı oxumağa başladığı zaman, bitirənə qədər dünya ilə əlaqəsi kəsilərdi. Uşaq vaxtı hər zaman kosmonavt olacağını deyərdi. Dörd yaşı olanda anam ona Puşkinin “Qafqaz” şeirini öyrətmişdi. Sonralar da həmişə stulun üstünə çıxıb o şeiri deyirdi, mən də heyran-heyran baxırdım. Elə bilirdim ki, doğrudan da dağın başında durub.
Qardaşım ailəsinə, uşaqlarına çox bağlı olub. İki qızı var, Aylin və Nilay. Atası evə gec gələndə böyük qızı ağlayırdı ki, atam hardadır. İndi də çox axtarırlar. Hər gün soruşur ki, atam nə zaman gələcək…
Biz onun haqqında indi döyüş yoldaşlarından eşidirik, necə zabit olub, necə döyüşüb. Yoldaşları deyir ki, Valeh olmasaydı, biz ölmüşdük. O, çox araşdırır, çox oxuyurdu. Üç dil bilirdi.
Mən qardaşımla həmişə qürur duymuşam. İndi də ürəyim yanır, hisslərimi ifadə edəcək söz yoxdur dünyada. O, uşaqlarına fəxrlə daşıyacaqları ad qoyub, ölümü ilə belə ailəsinin başını uca edib. Bundan başqa nə deyim”.
Döyüş yoldaşları da Valehin qəhrəmanlıqlarından ağızdolusu danışırlar:
“Döyüşdə ilk dəfə iştirak edənlərimiz var idi. Bəzilərimiz bir az çəkinirdik, bizə tapşırmışdı ki, döyüşdə mənə baxın, özünüzü itirməyin, bir gözünüz məndə olsun.
Cəbrayıl uğrunda gedən döyüşlər zamanı, okytabrın 3-ü o bizdən aralıda idi. Ayağa durub, qaça-qaça biz tərəfə gəlməyə başladı, erməni də görüb atırdı. Qışqırdıq ki, yerə yat komutan, yatmadı elə qaçaraq yanımıza gəldi. Çatanda gördük ki, bir güllə şalvarını deşib keçib, bir güllə də kaskasına dəyib. Burnu belə qanamamışdı. Bizə göstərib dedi, baxın, biz bura canımız bahasına torpaqlarımızı almağa gəlmişik, heç nədən qorxmaq lazım deyil. Valeh koordinatları arxaya çox dəqiq ötürürdü”.
Bacısının sözlərinə görə, hər zaman qardaşı gələndə həyət qapısında qarşılayarmışlar. Bu dəfə cansız cismini qarşılayıblar…
“Biz həmişə Valeh məzuniyyətə gələndə həyət qapısında qarşılayırdıq. Yaxınlaşanda Zeynəb (yoldaşı) xəbər verirdi. Çıxırdıq qapıya...
Oktyabrın 7-si ölüm xəbəri gələndə anam işdə idi. Anamı görənə qədər nə edəcəyimi bilmirdim. Anam gəldi, dedi qardaşını həmişəki kimi qarşılayıb, yola salacağıq. Mənim oğlum bu yolu özü seçdi. Ağlayıb, qışqırıb onu sındırmaram.Elə də etdik…”
Şəhidimiz Qarabağ münaqişəsi ilə yaşıddır. Elə bil dünyaya bu müharibəyə son qoymaq üçün gəlibmiş…
Valeh Bədəlova öldükdən sonra Vətən müharibəsində şücaətlərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" medalı verilib.