Camal Xaliq oğlu Əliyev 1993-cü il avqustun 11-də Bakının Sabunçu rayonunda anadan olub. Əslən Tovuzlu idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Camal Qarabağın azadlığı naminə gedən Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 4-də Xocavəndin Zoğalbulaq kəndində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Eyni zamanda, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə də Prezident Sərəncamıyla Camal ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.