Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Asif Yolçu oğlu Qocayev Asif Qocayev 1991-ci il martın 1-də Gəncə şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Asif Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. O, Xocavəndin Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli, Qubadlı və Laçın rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı bir çox yaralı əsgər yoldaşını xilas etmişdir. Asif Qocayev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Gəncə şəhərində dəfn olunub.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra " Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.