Faiq Mehdi oğlu Adıgözəlov sentyabrın 1-i 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətini Daşkəsən rayonunun təmas xəttində keçib. Hərbi xidmətdən tərxis edildikdən sonra 2017-ci ildə yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi orduya qayıdıb.
Gənc Faiq bir neçə dəfə keçirilən ordu oyunlarının iştirakçısı olub, beynəlxalq ordu yarışlarında isə ölkəmizi təmsil edib.
“Sevindirici haldır ki, həmin yarışların hamısında da böyük müvəffəqiyyətlər qazanıb. Oğlum mənim müharibə iştirakçısı olduğumu bilirdi. Çünki övladlarımın hər birinə bunu hər zaman danışmışam. Keçdiyimiz döyüş yolları, aparılan hərbi əməliyyatlar, ermənilərin dinc sakinlərimizə necə divan tutmaları... Bax onun nəticəsiydi ki, Faiq atıcılığa daha çox maraq göstərirdi. Çox sevinirəm və şükür edirəm ki, oğlum illərdir hazırlandı və özünün də dediyi kimi düşməni gözündən vurmağa nail oldu. Bu gün burada rahat yaşamağımızın əsas səbəbkarı olan o cür övladlarımızın ruhu qarşısında baş əyirəm. Bu gün qələbəmizə sevinməyə bilmərəm. Düzdür, hər bir valideyn üçün, övlad itkisi olduqca ağırdır. İnanın, mən o qədər sevinirəm ki, oğlum Faiq bu gün xalqımızın ZƏFƏR tarixini yazan müəlliflərdən biridir. Mən belə düşünürəm ki, əgər mən bu gün oğlum üçün ağlasam, onun ruhu narahat olar. Axı o xalqımızın zəfərini yazanlardan biridir?!”, - deyə şəhidimizin atası Mehdi kişi qeyd edir.
Şəhid atasının dediyinə görə, Vətən müharibəsində Adığözəlovlar ailəsinin 3 övladı iştirak edib. Onlardan 2-si qazi adına layiq görülüb Evin sonbeşiyi olan Faiq isə şəhidlik zirvəsinə yüksəlib.
Faiq Adıgözəlov Vətən müharibəsi dövründə Gülüstan, Ağuçuq, Talış-Suqovuşan istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. 29 sentyabr 2020-ci il tarixində Ağuçuq istiqamətində qarşı tərəfin əlaqə yolunu kəsərək hücum edən düşmən tankının irəliləməsinə əngəl olub. Suqovuşan istiqamətində düşmənin hücuma keçən PDM-2 zirehli texnikasını sıradan çıxarıb. Faiq 2020-ci il oktyabrın 10-da düşmən mövqeyinə hücum zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Faiq Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin digər Sərəncamına uyğun olaraq Faiq ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.