Şamxal Əvəz oğlu Əlizadə 1998-ci il yanvar ayının 1-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. 2004-cü ildə orta məktəbə gedib, 2015-ci ildə bitirib. Həmin il Qazax Dövlət Sosial İqtisad Kollecinin mühasibat uçotu fakültəsinə qəbul olub. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Kolleci bitirdikdən sonra Bakı Avrasiya Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində döyüşlərə qatılıb, heyət nəfəri atıcı kimi hərbi xidmətini yerinə yetirib. Şuşa, Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatında iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şamxal Əlizadənin nəşi dekabrın 9-u tapılıb. Şəhid əsgər 11 dekabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü ” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidin anası danışır ki, Şamxal uşaqlıqdan zəhmətkeş olub, dərslərini də əla oxuyarmış. Məişət işləri ilə məşğul ola-ola kitab-dəftəri əlindən yerə qoymazmış. Quşburnu, kəklikotu toplayıb sataraq məktəb ləvazimatları, geyim əşyaları alarmış. Şamxalın arzusu ali təhsil almaq, savadlı, ixtisaslı gənc kadr kimi yetişmək idi. Özündən kiçik bacısına da həmişə “dərslərini yaxşı oxu, ali məktəbə qəbul ol” , deyərmiş. Bacısı isə Şamxalın şəhidliyi ilə qürur duyduqlarını deyir:
“Qardaş itkisi məni nə qədər yandırsa da, onun şəhid olmasıyla təsəlli tapıram. Qardaşım Xocalıda, Bərdədə, Gəncədə qətlə yetirilən günahsız körpələrin qisasını aldı”.