2021/01/resad-1611902218.jpg

line
Adı: Ələkbərov
Soyadı: Rəşad
Ata adı: İlqar
Doğum tarixi: 15.09.1997
Şəhid olub: 09.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı

Şəhidlik elə bir zirvədir ki, o ənginliyə ucalmaq hər insana qismət olmur. Bəlkə də, yüzlərlə, minlərlə insan var ki, Tanrının onu şəhidliklə mükafatlandırmasını arzulayır, amma onlara şəhidlik nəsib olmur... Ancaq Tanrının bu uca və ulu, əbədi zirvəyə yüksəltdiyi Rəşad Ələkbərov kimi oğullarımız da çoxdur.  Ermənistanın təxribatçı qruplarının Tovuz cəbhəsində yeni işğalçılıq niyyətlərini gerçəkləşdirmək məqsədilə təxribatlara başlaması Rəşadı yerindən oynatdı. O, minlərlə, onminlərlə gənclərimiz kimi hərbi komissarlığa gedib qeydiyyatdan keçdi və cəbhəyə çağırılacağı günü səbirsizliklə gözləməyə başladı. 


Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il sentyabrın 15-də, Azərbaycan tarixi üçün çox önəmli olan tarixi bir gündə Azərbaycan Xalq Cumhuriyyətinin birinci paytaxtı Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 44 saylı orta məktəbi bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə gedib, Ağcəbədidə hərbi xidmətə başlayıb və Füzulidə hərbi qulluğunu başa vurub.


Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də  başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib .Şuşa-Laçın istiqamətində davam edən döyüşlərdə şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.


Anası Nailə Ələkbərova  Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır.


Rəşad Ələkbərov ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə" , "Cəsur döyüşçü" ,   "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Rəşad Ələkbərovun dayısı, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərli Rəşaddan danışarkən həm qüssəsini, həm də qürur keçirdiyini gizlədə bilmir. Faiq müəllim deyir ki, Rəşad Tovuz hadisələrindən sonra Gəncə şəhəri Kəpəz rayon hərbi komissarlığına gedərək qeydiyyatdan keçib. Vətən müharibəsi başlayan kimi yenidən hərbi komissarlığa gedir və müharibədə iştirak etmək üçün müraciət edir. Bacısı oğlunun Qurtuluş savaşına digər gənclərimiz kimi könüllü getdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, sentyabrin 29-da Rəşad Ələkbərov ön cəbhəyə gedib. "Bilirsiz ki, Vətən müharibəsi ilə əlaqədar ölkəmizdə qismən səfərbərlik elan edildi, onlarla, onminlərlə gənclərimiz kimi Rəşad da könüllü olaraq cəbhəyə gedib. Cəbhəyə getməmişdən əvvəl Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi təlimdə olub, sonra cəbhəyə aparıblar. Rəşad ailənin yeganə övladı olub, özündən başqa nə bacısı, nə də qardaşı var. Rəşadın anası, mənim bacım Nailə Ələkbərova özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb.Rəşad evin tək övladı olduğu üçün anası ona deyib ki, mənim səndən başqa dayağım yoxdur, sən müharibəyə getsən, mənə kim həyan olacaq? Rəşad da anasına deyib ki, yaxşı, mən getməyim, sən getmə, başqaları getməsin, bəs onda kim bu Vətəni, bu milləti qorusun, torpaqlarımızı işğaldan azad etsin? Anasının bütün israrlarına baxmayaraq, Rəşad könüllü olaraq müharibəyə getdi.


Cəbhəyə getməmişdən əvvəl Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi təlimdə olub. Rəşad ailənin tək oğul övladı olmasına baxmayaraq, ön cəbhəyə getməkdən heç cür çəkinməyib, özü bunu israr edib. Onun ailənin tək övladı olduğu üçün birbaşa ön cəbhəyə, Qarabağ cəbhəsinə yox, cəbhədən kənar yerlərdə xidmət etmək şansı olub,amma bütün hallarda ön cəbhəyə getmək, düşmənlə qaynar döyüş nöqtələrində döyüşmək istəyib. Rəşad Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı, Şuşa və Xankəndidəki döyüşlərdə qəhrəmanlıqla döyüşüb, bu şəhərlərimizin və bir sıra kəndlərimizin işğaldan azad edilməsində fədakarlıqlar göstərib. Oktyabrın əvvəllərindən şəhid olana qədər 1 aydan çox müharibədə iştirak edib, Hadrutun, Xocavəndin, Xocalının kəndlərinin alınmasında son damla qanına qədər vuruşub. Rəşad Şuşa döyüşlərində yaxından iştirak edib və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sonuncu dəfə əlaqə saxlayıb əmisi ilə telefonla danışarkən deyib ki, Xankəndinin bir addımlığındayıq, Xankəndidəyik, Xankəndi də Gədəbəyimiz kimi gözəl bir yerdir. Çox güman ki, Rəşad Xankəndi yaxınlığında şəhid olub. Onunla bağlı məlumat noyabrın 7-də axşam tərəfi alınıb. Amma 8-9 noyabr tarixində ondan heç bir xəbər gəlmədi. Bilirik ki, noyabrın 7-də 8-də ordumuz Şuşada idi, döyüşlər artıq Xankəndinə yaxınlaşırdı. Sadəcə, noyabrın 8-də təmizləmə əməliyyatı başa çatdıqdan sonra Şuşanın işğaldan azad olunmasını dövlət başçısı elan etdi. Noyabrın 7-si axşamı Şuşa işğaldan azad olunmuşdu və Xankəndinə yaxınlaşırdıq. Biz ayın 7-dən sonra ondan heç bir məlumat ala bilmədiyimiz üçün güman edirik ki, Rəşad noyabrın ya 8-də, ya da 9-da şəhid olub. Rəşadın şəhid olması xəbərini biz noyabrın 11-də eşitdik, bu barədə bibim oğlu Mahirə, qardaşım Fazilə məlumat verilib. Noyabrın 12-də Rəşadın dayısı Fazil, böyük qardaşım İlhamın oğlu Ceyhun və bibimiz oğlu Mahir və digər qohumlar Füzuliyə gedib oradan şəhidimizin nəşini Gəncə şəhərinə gətiriblər. Rəşadı noyabrın 12-də Gəncənin Şəhidlər Xiyabanında dəfn etdik. Mən də həmin vaxt artıq Gəncədə idim... Biz şəhidimizi uğrunda canını fəda etdiyi Vətən torpağında dəfn etdik. Rəşad evin yeganə övladı idi və anasının ondan, onun da anasından başqa heç kimi yox idi. Amma bütün bunlara baxmayaraq, o, Vətənə olan sevgisini hər şeydən üstün tutdu və qəhrəmancasına şəhidlik zirvəsinə qovuşdu".


F.Ələkbərli bildirdi ki, müharibədə R.Ələkbərovun komandiri Qudbiddin Qoçiyev olub və ilk gündən Rəşad Şuşa uğrunda gedən döyüşlərdə şəhid olana qədər bir yerdə olublar: "Rəşadın komandiri mənimlə söhbətində onun Hadrutda, Xocavənddə, Daşaltıda və Şuşada qəhrəmancasına döyüşdüyünü deyib. Rəşadın döyüşçü yoldaşı Sədiyar Musayevlə də danışmışıq. Sədiyar da mənə dedi ki, Rəşad sona qədər igidliklə döyüşüb, bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib. Döyüşçü yoldaşı onu da dedi ki, Rəşadın sürücülük qabiliyyəti olduğu üçün lazım gələndə hərbi maşınların vasitəsilə əsgərlərin yerdəyişməsi prosesində fəallıq göstərib, xüsusilə də, Daşaltı və Şuşa döyüşlərində fərqlənib".