21 yaşlı Yaqub Eldəniz oğlu Yaqubzadə döyüşlər başlayanda hərbi xidmətdə vətən borcunu yerinə yetirirmiş. Çoxdandır arzuladığı məqam yetişmişdi. 28 ildir ailəsinin Vətən həsrətini sona yetirmək, heç vaxt görmədiyi Laçına, evinə qovuşmaq arzusu ilə döyüşlərə yollanmışdı. Bu gün onun vətəni olan Laçın azaddır. Həmin torpaqlarda şanlı Azərbaycan bayrağı dalğalanır. Yaqub kimi igid, cəsur Vətən oğulları sayəsində.
Ordumuzun əsgəri Yaqub Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. 2005-2016-cı illərdə Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2016-2020-ci illərdə isə Tbilisi şəhərində Gürcüstan-Avropa Universitetində "Kompüter mühəndisliyi" üzrə ali təhsil alıb. Rus dilini yüksək səviyyədə bilirmiş.
O, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. İyul-sentyabr aylarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib, sentyabr ayından isə Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə topçu olaraq xidmət göstərib.
Yaqub Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub.
Şəhid atası Eldəniz Məmmədov:"Uşaq vaxtından torpaqlarımızın necə işğal olunması ilə maraqlanırdı. Vətənpərvər ruhda böyüyürdü. Laçını görməməyinə baxmayaraq, o şəhəri köhnə Laçınlılardan da çox istəyirdi.
Telefonla danışanda deyirdi, hər şey yaxşıdır, hər şey yaxşı olacaq, narahat olma, ata. Qismət elə gətirdi ki, şəhidlik zirvəsinə ucaldı".
Ailəsinin ilk övladı olan Yaqub İki bacının tək qardaşı idi. Anası Səmurə Məmmədova deyir ki, uşaqlıqdan Vətən sevgisi ilə böyümüşdü. Ona görə də gözünü qırpmadan canından çox sevdiyi Vətənə canını fəda etdi.
"Nə sözü-sirri olardısa, mənə deyərdi. Sonuncu dəfə gedəndə dedi, mən şəhid olsam, narahat olmayın... Oğlumla fəxr edirəm".
Yaqub qələbə tariximizdə bir iz qoydu. Onun Vətənə xidməti bir dastan oldu.
Şəhidin bibisi Elyanə Məmmədova :"Anadan olduğu andan şahadətə qovuşanadək bütün həyatı sevilmək və sevməklə keçib. Çox möcüzə bir oğlan idi. Əsgərliyə gedəndə qolumu boynuna doladım, dedim, gedib Laçını alıb gələrsən. Dedi, sənə söz verirəm, bibi.Şükür, torpaqlarımız azad oldundu. Qələbə bizimdir".
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Yaqub eyni zamanda "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.