2021/05/faef-3239626606.jpg

line
Adı: Abdullayev
Soyadı: Qəzənfər
Ata adı: Nəcəf
Doğum tarixi: 10.05.1993
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ əsgər

Şəhid Qəzənfər Abdullayev 1993-cü il mayın 10-da Samux rayonunun Ziyadlı kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Qəzənfər Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qəzənfər Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qəzənfər Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.



“Mən yaşadığımı yaşamışam, siz cavansınız” - deyərək, əsgərlərini qorumaq üçün onların üzərinə atılan şəhidimizin qardaşı Sahib Abdullayev deyir ki, əsgər yoldaşları Qəzənfərin mərdliyindən ağızdolusu danışırlar: "Qardaşım kiçik çavuş idi, top heyətinin komandiri kimi döyüşüb. Onların taboru döyüşlərə Kəlbəcər istiqamətində başlayıb. Onları Daşkəsəndən Kəlbəcər istiqamətinə təyin etmişdilər ki, əmrə müvafiq olaraq top atəşi olacaq. Döyüşlər gedib, düşmənin canlı qüvvəsi, texnikası məhv edilib. Bir neçə dəqiqə sakitlik olub.
Bir anda düşmən onların mövqelərini artilleriya atəşinə tutub. Mövqelərdə dayanmaq mümkün olmayıb. Əmr gəlib ki, təcili sığınacaqlara girsinlər. Qardaşım əsgərlərinə təlimat verib ki, hər kəs müdafiə olunsun. Sonuncu əsgər sığınacağa girən zaman mərmi atılıb. Qardaşım əsgərlərə deyib ki, “Siz cavansız, mən yaşadığımı yaşamışam. Tez keçin içəri”. Özünü atıb sonuncu əsgərin üzərinə ki, ona heç nə olmasın”.

Sığınacağın girişində üzərinə mərmi düşən şəhidimiz əsgərini xilas edərək, ağır yaralanır. Qardaşı deyir ki, Qəzənfərin yaralanma xəbərini ilk o alıb: “Hərbidə olan bir yoldaş eşidib, mənə zəng etmişdi. Dedi ki, bəs narahat olma, amma Qəzənfər yaralanıb. Yerini öyrənib, qardaşımın yanına getdim. Ailəmizə əmimlə birlikdə dedim. Qardaşımı Gəncədəki klinikaya gətirdilər. 18 gün ağır vəziyyətdə xəstəxanada yatdı. Qəzənfərin bədənindən 50 qəlpə çıxardılar. Həkimlər onu həyatda saxlamaq üçün çox çalışdılar. Yarası ağır olduğu üçün qardaşımın böyrəyinin birini çıxardılar. Orqanlarından qaraciyərinin yarısını götürdülər, ağciyərini, dalağını, bağırsaqlarının böyük hissəsini götürdülər. Reanimasiya şəraitində saxlayırdılar. Vəziyyəti stabil idi. Bir anda hər şey dəyişdi”.

Qəzənfər “Narahat olmayın, hər şey yaxşı olacaq” - deyərək, gözlərini yumub


Şəhid Q.Abdullayev son anda sanki əzizlərini görə bilməyəcəyini hiss edib və onlar üçün video çəkib: “Qardaşımı çox görə bilmirdik, həkimlər icazə vermirdi. Həkimlər rentgen üçün şöbəyə aparan zaman halı pisləşib. Təcili müdaxilə etsələr də, xilas edə bilmədilər. Bir böyrəyi qalmışdı, onun da fəaliyyəti anidən dayandı. Qardaşım həmin gündən əvvəl video çəkib. Onun son videosudur. Deyib ki, narahat olmayın. Elə son sözləri də bu olub”.

Şəhid kiçik çavuş Qəzənfər Abdullayevin Vətənə əmanət 3 yaşlı oğlan övladı qalıb.