Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan da biri Sumqayıt şəhər sakini Qubat Hüsür oğlu Əliyevdir. Qubat Əliyev 1994-cü il fevralın 4-də Sumqayıt şəhərində anadan olub. 2001-2010-cu illərdə Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə oxuyub, daha sonra 1 nömrəli Peşə Liseyində təhsilini davam etdirib.
Qubat 2013-cü ildə hərbi xidmətə çağırılıb və Ağdam rayonunda xidmət edib. Hərbi xidməti dövründə baş atıcı və tuşlayıcı vəzifələrini icra edib. General Polad Həşimovun şəhid olmasından sonra evdə qərar tuta bilməyən şirürəkli oğul səfərbərlik idarəsində könüllü qeydiyyatdan keçib. Vətən Müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da ordu sıralarına çağırılıb. Qubadlı, Ağdərə və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlarımızdan biri olub.
Qubat Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
2016-cı ildə ailə həyatı quran Qubatın özündən sonra Elcan adlı oğul övladı yadigar qalıb. Şəhid olduqdan sonra qəhrəmanın ikinci övladı dünyaya gəlib. Körpə atasının adını daşıyır.
Əsgər yoldaşları bir oğlu olduğunu və ikinci övladının dünyaya gələcəyini bildiklərindən ölüm-dirim savaşı olan Şuşa döyüşündən onu çəkindirmək istəyiblər. Lakin o, inadla “mən də komandirimlə birlikdə Şuşaya getmək, onu azad edənlərin sırasında olmaq istəyirəm” , deyib.
Atası Hüsür Əliyev deyir ki, oğlunun igidlik göstərdiyi son döyüşü Qırmızı Bazar istiqamətindən Şuşaya doğru olub:
"Polad Həşimov şəhid olandan sonra getdi könüllü yazıldı ki, "Müharibə olacaq. Torpaqlarımızı almalıyıq, mən gedəcəyəm döyüşə" . Danışırdıq. Deyirdi, "Füzulidəyik, Xocavənddəyik". Çox yerlərin adını bilmirdi, "Meşələrdəyik", deyirdi”.
Şuşanın alınması uğrunda gedən qızğın döyüşlərdə Qubat dağın başında yerləşən mövqedə düşmənə sarsıdıcı zərbələr endirib.
"Ana, bizi təbrik edə bilərsən. Biz artıq Şuşadayıq. İllər sonra Şuşanın azad etdik".
Şuşa xəbərini anası Nigar xanıma çatdıran Qubad telefon danışığından 2 saat sonra Şuşa yüksəkliyində qəhrəmancasına şəhid olub.
"Elə gedəndən əlaqə saxlayırdı bizlə. Hər şeyin yaxşı olacağını deyirdi. Ayın 8-i idi. Saat 1 olardı. Zəng elədi, "Televizora baxın, mama. Təbrik eləyirəm sizi" . Mesaj yazdı, "Siz də bizi təbrik edə bilərsiniz, Şuşa da alındı"... Son danışığı o oldu”...
Atası Hüsür Əliyevin sözlərinə görə, oğlu sonuncu dəfə onunla soyuq danışıb:
"Ayın 8-i səhər-səhər idi, zəng elədi. Dedi, "Ata, Şuşanı aldıq. Təbrik eləyə bilərsən bizi. Təbrik eləyirəm sizi də. Sabaha bizi buraxacaqlar, gələcəyəm. Get, Prezidentimiz danışacaq günorta saat 1-də" . Dedim, "Hə, yaxşı, gedib baxacağam" . Gəldim baxdım. Saat 14:42-də bir də zəng elədi. Dedi, "Ata, baxdın?", dedim, "hə". Dedi, "Sağ ol, mən hündürlüyə qalxıram, vaxtım azdır"... Nə isə, gördüm, soyuq danışır”...
Qubat uşaq vaxtlarından vətənə, torpağa bağlı olub. Torpaqlarımızın işğalı ilə heç cür barışa bilməyib. Əmisi Saday Əliyev deyir ki, Qubat işğal altında olan ərazilərimizin azad olunmasını səbirsizliklə gözləyirmiş:
"O, heç vaxt Vətənin, torpaqlarımızın işğalda olmağı ilə barışa bilmirdi, özünə bağışlaya bilmirdi. "Erməni kimdir ki, gəlib bizim torpaqları alıb. 10 milyon bizik, 2 milyon erməni bizim torpaqları alsın?! Mən heç özümə sığışdıra bilmirəm” , deyirdi".
Qardaş itkisi bacı üçün çox ağır olsa da, onun vətən uğrunda şəhid olması ilə təsəlli tapır Sara Əliyeva :
"Bu gün onun doğum günüdür. İlk aydır, ilk tarixdir ki, onsuz keçiririk. Hər il fevralın 4-ü mən iki gün öncədən gəlirdim. Böyük bir həvəslə. İndi isə gəlmişəm, amma o yoxdur. Onsuzam. Dünyam qardaşım, dünyamı qaraldan qardaşım, cənnətdəki yaşın mübarək. Sənsiz çox darıxıram. Sən mənim döyünən ürəyim idin. Sən mənim üçün yaşayırsan, yaşayacaqsan. Kaş ki, yanımda olardın”...