Cəlal Bayramov 1994-cü ildə Saatlı rayonunun Çoplu kəndində anadan olub. Vətən Müharibəmizdə Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
2020-ci il, oktyabrın 27-də Laçın rayonunun Arpagədik kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb, ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Cəlal Bayramovun nəşi 13 yanvar 2021-ci ildə tapılıb və Saatlının Çolpu kəndində torpağa tapşırılıb
Əsgərin qardaşı Cavad Bayramov bildirib ki, qardaşı könüllü olaraq Vətən Müharibəsinə yollanıb: "Cəlal sentyabrın 29-da Saatlı rayonunun Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Təlimlər əvvəlcə Gəncə şəhərində keçirilib, daha sonra onları müvafiq qruplara bölüblər. Həmin qruplar halında ön cəbhəyə yollanıblar. Cəlal müharibə zamanı xidmətini Laçında davam etdirib”.
Cavad Bayramov qardaşı ilə sonuncu dəfə oktyabrın 27-də danışdığını deyir: “Öz telefonu yox idi, komandirinin telefonundan əlaqə saxlamışdı. Xəbər etdi ki, sağ-salamatdır. Soruşanda Laçının Arpagədik kəndində olduğunu öyrəndim. Ondan sonra heç bir xəbər ala bilmədik".
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Cəlal Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.