Ağacavad Ələsgər oğlu Mütəllimzadə 1997-ci il avqustun 14-də Bakının ən qədim kəndlərindən biri olan Maştağada Mütəllimzadələr ailəsində üçüncü oğlan uşağı dünyaya göz açdı. Atanın-ananın sevinci yerə-göyə sığmadı. Sonbeşik övladın adını Ağacavad qoydular. Ağacavad öz əməli, davranışı və qoçaqlığı ilə valideynlərinin sevimlisinə çevrildi. Ağacavad 255 nömrəli orta məktəbi bitirdi. Müəllimlər və sinif yoldaşları da deyirlər ki, illər necə tez gəlib keçdi. Ağacavad sanki dünən məktəbi bitirib. Gələcəyin əsgəri daha çox fiziki hazırlıq dərslərində, həmçinin məktəb yoldaşları arasında xoş davranışı ilə yadda qalıb. Ov etmək, balıq tutmaq onun hobbisi idi.
Mütəllimzadə Ağacavad müddətli həqiqi hərbi xidmətini cəbhə bölgəsində, düşmənlə üzbəüz mürəkkəb relyefə malik ərazidə keçirmişdi. Murovdağ silsiləsində hərbi xidmət etməyin nə olduğunu hərbçilərimiz daha yaxşı bilirlər. Ağacavadın kəşfiyyat bölməsində xidmət etmək üçün komandirə müraciət etdiyini bu gün əsgər yoldaşları qürurla xatırlayırlar.
Ötən il iyulun ortalarında erməni vandalları dövlət sərhədimizi pozaraq döyüş mövqelərimizi ağır artilleriya silahlarından atəşə tutaraq yeni ərazilərimizi işğal etmək istəyinə düşdülər. Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə hərbi qulluqçumuz şəhid oldu. O zaman xalqımızın qeyrətli, vətənpərvər igid oğulları könüllü cəbhəyə yazıldılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərə müraciətindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə döyüşə getmək üçün minlərlə gənc üz tutdu. Onlardan biri də Ağacavad idi. Vətən övladlarının bir amalı, bir məqsədi vardı; o da 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etmək idi.
Düşmən ötən il sentyabrın 27-də yenidən mövqelərimiz üzərinə hücuma keçdi. Ordumuz erməni qəsbkarlarının hücumunun qarşısını mətinliklə aldı. Müzəffər Ali Baş Komandanın əks-hücum əmri ilə ordu birləşmələrimiz hərəkətə keçdi. İlk əks-hücumla düşmənin əsas mövqelərinə ağır zərbələr endirildi. Dəqiq atəş zərbələri nəticəsində xeyli erməni məhv edildi. Döyüşdə üstünlüyü ələ alan hərbçilərimiz doğma torpaqlarımızı azad etməyə başladılar. 44 gün davam edən müharibənin ilk günündə Mütəllimzadə Ağacavad Ələsgər oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə gələrək könüllü cəbhəyə yola düşüb.
İlk döyüş yolu Füzulidən başladı Ağacavadın. Cəbrayılın, Zəngilanın, Xocavəndin və başqa yaşayış məntəqələrimizin ermənilərdən azad edilməsi uğrunda qətiyyətlə döyüşdü. Ağacavadın son döyüşü oktyabrın 22-də Xocavənd yaxınlığında "Ziyarət dağ" adlanan yüksəklik uğrunda oldu. Düşmən snayperi igid döyüşçümüzün həyatını yarıda qoydu.
Yüksək döyüş bacarığı ilə silahdaşlarının rəğbətini qazanan Ağacavad təkcə Mütəllimzadələr ailəsinin deyil, şərəfli ölümü ilə xalqın övladı oldu.
Xalq öz dəyərli övladlarını hər zaman xatırlayır. Şəhid Ağacavad Ələsgər oğlu Mütəllimzadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Cəsur döyüşçü", "Zəngilanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
**
Ağacavad Mütəllimzadə ailənin sonbeşik oğul övladıdır. 23 yaşlı qəhrəmanımız ailəsinin, qohumlarının, dost-tanışlarının göz bəbəyi olub. Orta məktəbi doğulduğu Maştağa kəndinin orta məktəbində yaxşı qiymətlərlə bitirib. Hərbi xidmətini Murovdağda keçirib. Kəşfiyyatçı imiş gənc döyüşçümüz.
Vətən Müharibəsi başlamazdan əvvəl, bu ilin iyulun 14-də Tovuz döyüşləri zamanı Ağacavad anasına “mən cəbhəyə gedəcəyəm” deyib. Anası Nailə xanım deyir ki, Ağacavad olduqca qətiyyətli və inadkar idi. Elə uşaq yaşlarından birinci olmaq arzusu ilə yaşayırdı. “Ana, mən hər zaman sizin başınızı uca edəcəm” deyirmiş qorxmaz, cəsarətli kəşfiyyatçımız: “Ucalığının belə olacağını heç bilməzdim. Sən demə, ucalıq şəhidlikdən keçir. Öz soyadı ilə öyünərdi. Deyirdi, Mütəllimzadə soyadını hər kəsə tanıdacam. Şirkət quracam. Ancaq qurmaq, yaratmaq üçün yaşayardı. Hələ uşaq yaşlarında, inanın, düz yerdə gəzməzdi. Deyirdi, ucalıq olsun, qayalıq olsun”.
Ailədə atasını hər kəsdən çox sevərdi. Ailənin kiçik övladı olmasına baxmayaraq, böyüklərin də qayğısını Ağacavad çəkərmiş: “Atası ilə nəfəs alırdı. Döyüşə getməzdən əvvəl yola salırdıq onu. Tezdən oyandıq. Quranın altından keçirdim balamı sonuncu dəfə. Atası dedi ki, “Ağacavad, erməniyə sinən olan yerdə kürəyini çevirmə”. “Baş üstə” dedi. Ürəyindən snayperlə vurmuşdular balamı. Atası necə demişdi, elə də elədi. İndi atasına deyirəm ki, sən deyəni elədi”.
Sentyabrın 27-də evə gəlib anasından hərbi biletini istəyib Ağacavad. Könüllü yollanıb döyüşlərə: “Oktyabrın 22-də sonuncu dəfə danışdım. Oktyabrın 22-də də şəhid olub. Ondan sonra tarixləri belə səhv salıram. Ayın 25-nə kimi nəşini götürə bilməyiblər. Xocavənd rayonun "Ziyarət dağ" yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Birinci kəşfiyyatçı qrup gedib geri dönməyəndə ikinci qrupu göndəriblər. Onlar da geri dönməyib. Nəhayət, Ağacavadgil gedib onları mühasirədən çıxarıb. Həmin döyüşlərdə ürəyindən vurulub”.
Arzuları da, xəyalları da Vətən sevgisindən uca olmayıb gənc döyüşçümüzün. Murovdağda hərbi xidmət keçdiyindən, elə hey ailəsinə deyirmiş ki, kaş müharibə başlaya, biz torpaqlarımızı azad edə bilək.
Anası deyir ki, Ağacavad vətənin tozunu, torpağını, suyunu belə dəli kimi sevərmiş: “Bilirsiz indi nə düşünürəm? Şəhidlərimizin demək olar ki, çoxu gəncdir. Qarabağ müharibəsindən sonra doğulan uşaqlardır. Yəqin Allah onları hər evə bir mələk qismində göndərib ki, illər sonra onlar torpaqlarımızı azad etsin” .
Döyüşlərə könüllü qatılan Ağacavad tez-tez ailəsi ilə əlaqə saxlayar, təlimdə olduğunu deyərmiş. Anası deyir ki, son günə qədər onlardan harada döyüşdüyünü gizlədib.