44 gün davam edən Vətən Müharibəsinin sonunda xalqımız öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Qarabağımızın işğalına son qoyulmasında Vətənin mərd oğulları canlarından keçdilər. Bu mərd Vətən oğullardan biri də Rüstəmdir.
Rüstəm Mais oğlu Eminli 1999-cu ilin payızında Yardımlının Horonu kəndində dünyaya gəlib. 2018-ci ildə hərbi xidmətə yollanıb. Əsgərlikdə olduğu müddətdə Türkiyəyə hərbi təlimlərə göndərilib. Xidməti boyunca hərbi hazırlığı ilə fərqlənən Rüstəm təşəkkürnamə və fərmanlara layiq görülüb.
Rüstəm 15 oktyabr 2020-ci ildə Vətən Müharibəsinə çağırılıb. O, igidlik göstərərək Füzuli, Cəbrayıl və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın ilk günü Xocəvəndin Maçkalaşen kəndi uğrunda şəhidlik zirvəsinə yüksəlib. Şəhidimizin mübarək nəşi Yardımlı rayonu Horonu kəndində torpağa tapşırılıb.
Göstərdiyi qəhrəmanlıqlara görə Rüstəm Eminli ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.