2021/05/Eq-Lb-1619947467.jpg

line
Adı: Hacıyev
Soyadı: Davud
Ata adı: Novruz
Doğum tarixi: 14.07.1998
Şəhid olub: 17.10.2020
Rütbəsi: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Şəhid Davud Novruz oğlu Hacıyev 1998-ci ildə Xaçmaz şəhərində anadan olub. Ürəyi Vətən eşqi ilə döyünən Davud təhsilini bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə yollanıb. Xidmətini başa vursa da, Vətən müharibəsi başlayanda cəbhəyə yollanan ilk könüllülərdən olub.

Qəhrəman döyüşçü olan Davud oktyabrın 9-u Füzuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək ağır yaralanıb. O, bir müddət komada qalıb və oktyabrın 17-si şəhidlik zirvəsinə ucalıb.



“Mənim oğlum Vətən uğrunda qəhrəmanlıqla döyüşüb. Vətənə xidmət etmək arzusu idi. Müharibəyə könüllü getdi. Füzuli uğrunda döyüşlərdə şəhid oldu. Bütün şəhid analarına deyirəm ki, başlarını dik tutsunlar. Düşmənimizi heç vaxt sevindirməyək. Oğlumu sentyabrın 27-də Xaçmazdan yola saldıq. Oktyabrın 8-də axırıncı dəfə telefonla danışdıq. Deyirdi, "Narahat olmayın, sağ-salamat qayıdacağam". Mənə söylədi ki, “Ana, müharibədə şəhid olsam, mənimlə fəxr edərsən. Vətən sağ olsun, deyərsən”. Səs yazılarını hələ də saxlayıram. Mənim oğlum şərəfli ölümü seçib. Onunla qürur duyuram” , - deyə şəhidin anası Validə Hacıyeva söyləyir.

Şəhidin xalası Fəridə Qəribova deyir ki, hər gün onun şəklilə danışır:

“Davud haqqında keçmiş zamanda danışmaq çox çətindir. Davudun şəklini oğlum avtomobilinə həkk edib. Hər gün şəhidimizin şəkli ilə danışıram. Heç yadımızdan çıxmır. Vətənpərvər övlad idi. Anası ilə nəfəs alırdı. Anası onu çox böyük çətinliklə böyüdüb. Axırıncı dəfə görüntülü danışdıq. Demişdim, "Gələrsən, sənin üçün aş bişirəcəyəm". Qismət olmadı... Bizim qürurumuzdur Davud”.



Davud Hacıyevlər ailəsinin sevimli, həm də tək övladı olub.

“Biz uşaqlıqdan bir yerdə böyümüşük. Mənə qardaşım qədər əzizdir. Yoxluğu bizi hər keçən gün daha çox incidir. Davudla fəxr edirəm” , - deyə Davudun xalası qızı Lamiyə Qəribova söyləyir.

Şəhidin dayısı Sahib Əzizov Davudun qisasının alındığını, onun şəhid olduğu torpaqların indi azad nəfəs aldığını bildirir:

“Davud bacım oğlu olsa da, mənimlə həm də dost olub. Söhbətcil, gülərüz idi. Cəbhəyə könüllü yollanıb. Axırıncı dəfə oktyabrın 8-də danışmışıq. “Dayı, hər şey əladır, bundan da yaxşı olacaq”, söylədi. Bir gün sonra şəhidlik zirvəsinə ucaldı. Amma qisası düşməndən alındı. Torpaqlarımız azad olundu”.

Davud Hacıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Vətən uğrunda” medalları ilə təltif edilib.