İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Həmidzadə Hüseyn Akif oğludur.
Həmidzadə Hüseyn Akif oğlu - 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirib.2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olub.
27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır. Gedərkən valideynlərinə "mənimlə fəxr edəcəksiz” deyib gedir. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. Həqiqətəndə dediyi kimi olur. Valideynlərinə ömürlərinin sonuna qədər fəxr edəcəkləri bir ad "şəhid valideynləri” adı qoyub gedir. Evlə danışarkən onlara Xocalıdakı şəhidlərimizin, general Polad Həşimovun, komandiri Azad Abbasovun qisasını aldıq deyib.
25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 1 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Həmidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Həmidzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Həmidzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Həmidzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhidin qardaşı Məmmədbağır Həmidov deyir ki, qardaşı döyüşə getməzdən qabaq valideynlərinə “mənimlə fəxr edəcəksiz” deyib:
“Qardaşım uşaqlıq illərindən həmişə ədalətli olub. Ata-anaya qayğı ilə yanaşıb, mehriban insan olub. Döyüşlər başlayanda könüllü olaraq ön cəbhəyə yollandı. Füzuli şəhərinin alınmasında qəhramanlıq göstərərək, düşmənlərə qan uddurub. Yüzlərlə ermənini məhv edərək, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarıb.
Füzuli şəhəri işğaldan azad olunduq sonra qardaşım döyüş yoldaşları ilə birlikdə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərə qatılıb. Ermənilərə qarşı ağır zərbələr endirərək çoxlu sayda canlı qüvvəsini məhv edib”.
Qardaşı deyir ki, şəhid H.Həmidov Xocavənd istiqamətində gedən döyüşlərdə də iştirak edib:
“Xocavəndin işğaldan azad olunmasına, eləcə də kəndlərin alınmasında misli görünməmiş qəhramanlıq göstərib. Telefonla danışanda qardaşım atama dedi ki, Xocalının, şəhidlərimizin, general Polad Həşimovun həm də öz komandiri Azad Abbasovun qisasını aldıq”.
Şəhidin komandiri kapitan Emin Əhmədov, döyüş yoldaşları onun Füzulidə, Cəbrayılda və Xocavənddə döyüşlərdə cəsur iştirak etdiyini deyirlər.