2021/05/c9d64-4859858997.jpg

line
Adı: İmanov
Soyadı: Ənvər
Ata adı: Emil
Doğum tarixi: 11.01.1999
Şəhid olub: 28.10.2020
Rütbəsi: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
İmanov Ənvər Emil oğlu 11 yanvar 1999-cı ildə Sumqayıt şəhərində zəhmətkeş ailədə dünyaya gəlib. 2005-2016-cı illərdə Sumqayıt şəhər 41 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəb illərində fəal şagird idi.

2015-ci ildən AQGF-nın baş məşqiçisi, 10 qat Azərbaycan, 3 qat Avropa çempionu Zöhrab Məsimovun rəhbərliyi altında qol güləşi idman növü ilə məşğul olmağa başlayıb və Respublikada keçirilən yarışlarda iştirak edərək mükafatçı olub.

2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşüb. Gəncə və Tovuz rayonlarında yerləşən N saylı hərbi hissələrdə baş atıcı vəzifəsində xidmət edib. 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdıb və fərdi əmək fəaliyyətinə başlayıb. Kuryer işindən başlayan Ənvər administrator vəzifəsinə kimi yüksəlib. 2019-cı ilin yanvar ayında xoşbəxt günlər yaşayan Ənvər sevib- seçdiyi, bir sinifdə oxuduğu Məleykə xanımla nişanlanıb.



2020-ci il sentyabırın 21-də Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunur, ehtiyatda olan əsgərimiz İmanov Ənvər Qusar rayonunda 1 həftə təlimlərə qatılır. Cəbrayılın, Füzulinin, Xocavəndin işğaldan azad olunmasında onun müstasna xidmətləri olur.

2020-ci il 28 oktyabr...Əsgər, baş atıcı İmanovun son döyüşü...Xocavəndin azadlığı uğrunda gedən ağır döyüşlərdə sol tərəfindən və qarın nahiyyəsindən düşmən gülləsinə tuş gələrək 21 yaşında şəhidlik zirvəsinə ucalır. 29 oktyabr minlərlə şəhər sakinin, icra hakimiyyəti nümayəndələrinin, Müdafiə nazirliyinin, dostlarının, yaxınlarının, ailə üzvülərinin müşayəti ilə canını fəda verdiyi torpağa tapşırılır.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə İmanov Ənvər Emil oğlu ölümündən sonra “Vətən uğrunda” , "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.



Azərbaycan anaları bölünməyən Vətənin, ölməz şəhid analarıdır. Mədinə xanım oğlu haqqında danışır:"Qocaq oğlan idi, işdə də, dostları və tanıyanlar arasında böyük hörmət qazanmışdı. İş yerində də, çox etibar edirdilər ona. 2020-ci il iyulun 20-də ömür gün yoldaşımı Emil İmanovu itirdim, inanmazdım 3 ay keçəcək övladımıda itirəcəm. 2020-ci il çox çətin ilim oldu, Azərbaycana iki fəlakət gəldi, ikisidə mənim evimdən gəlib keçdi, 2 əziz insanımı itirdim...

Yoldaşım dünyasını dəyişəndən sonra evin kişi böyüklüyünü Ənvər öz üzərinə götürmüşdü, qardaşı Azərə ata əvəzi idi. Cəbhədə olanda Azər ADNSU-nin nəqliyyat mühəndisliyi fakültəsinə qəbul oldu, Ənvər elə sevindiki, zarafata salıb dedi: “üzümüzü qara etmədin”.
24 oktyabr zəng vurmuşdu ən uzun danışığımız oldu. Gözə əhval-ruhiyyəsi var idi, ümidli idi, danışdıqca da sevinirdi və dedi: “Oğlun qəhrəman kimi medal alıb gələcək.” Bəli qəhrəman kimi gəldi oğlum!

Arzuları çox idi balamın, hamısı ürəyində qaldı, bütün arzularını şəhidliyi ilə əvəz etdi...Beş il Məleykə xanımla bir-birlərini sevdilər və bəyəndilər. Yaxşı ki, nişanladım heç olmasa o arzusuna yetişdi. Düz deyirlər şəhidlər ölmür! Hələdə onun yoxluğuna inanmıram və elə bilirəm ki yanımızdadır.



Nişanlısı Məleykə İbadova : “Biz sinif yoldaşı idik.. Həmin vaxtdan bir-birimizi sevirdik. Ənvər məktəbi bitirəndən sonra əsgərliyə yollandı. Hərbi xidməti Tovuzun Ağdam kəndində, yəni sərhəd bölgəsində çəkdi.

Hərb sistemində işə başlamalı idi. Hətta sənədlərini vermişdi. Amma məlum hadisələrlə əlaqədar xidmətə çağırıldı. Əsgərlikdən qayıdanda nişanlandıq. Toyumuz olacaqdı, amma atası rəhmətə getdi və koronavirus pandemiyası başladı deyə, toyu təxirə saldıq. Sentyabr ayının 21-də, əvvəlcə, öz rayonlarına getdi. Müharibəyə çağırıldığını deyəndə inanmadım.Elə bildim, zarafat edir. Lakin sonra başa düşdüm ki, nə bu işdə, nə də Ənvərin dediklərində zarafat var. Ayın 27-si zəng edəndə Tərtərə aparıldığını söylədi. Tapşırdı ki, narahat olmayım. Çox vətənpərvər idi. “Hərbi formanı geyinəndə özümlə qürur duyuram” cümləsi qulaqlarımda səslənir. Gəncə hadisələri vaxtı telefonla danışanda narahatlığımı bildirdim. Cavab verdi ki, öldü var, döndü yoxdur.



O vaxt təzə əməliyyat olunmuşdu. Qayıtmağı təklif etdim. “Mənə yaraşmaz” cavabı verdi. Dostları da, əsgər yoldaşları da onunla fəxr edirdi. Heç kimə pislik etməmişdi. Əksinə, hamı deyir ki, ən kritik məqamda neçə adama kömək edib. Əsgər yoldaşları elə hey Ənvərin vətənpərvərliyindən danışırlar. Deyirlər, postda itkilər barədə danışanda o, sanki həsədlə “şəhidlik müqəddəs zirvədir” deyirdi”.

Məleykə xanım Ənvər İmanovun necə şəhid olmasını da açıqladı:

"Döyüş yoldaşlarının sözlərinə görə, qarşı tərəfdən güllə atılanda hamı əyilir, özünü qoruyurdu. Ənvər isə, əksinə, elə bil, düşmənə meydan oxuyurmuş kimi ayağa qalxırdı. İradlara da “Onlar bizi vura bilərlər?” sualı ilə cavab verirdi. Başqa bir hərbi qulluqçu yaşca nişanlımdan böyük olmasına rəğmən, Ənvərin hər yerə ondan tez getməsindən danışır.

Son telefon danışıqlarımızda deyirdi ki, hər şeyə hazırlıqlı ol, dözümlü davran. Xankəndidəydilər. Zəng edəndə onun xeyirxahlığını növbəti dəfə təsdiq edən bir məqamı danışdı: deməli, ətrafda hin var imiş. Heyət “İrəli!” əmrini alır. Ənvər orada çox qala bilməyəcəyini və arxadan gələnlərin gec çatacağını bilərək acından ölməmələri üçün toyuq-cücəyə yem verir.



AQGF-nın baş məşqiçisi,10 qat Azərbaycan, 3 qat Avropa çempionu Zöhrab Məsimov idmançı tələbəsi Ənvər İmanovla qürur duyur:"Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Şəhidlər xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullardandır.
Ənvərin məşqçi müəllimi, həm də dostu idim. Xeyli yaş fərqimiz var idi, amma bir böyük qardaş kimi, dost kimi həmişə məsləhətləşərdik. Olduqca tərbiyyəli, mədəni, yaşıdlarından fərqli olan bu oğlan bir andaca böyüdü. O hər zaman mənim, AQGF-nın idmançılarının, məşqçi müəllimlərinin qəlbində yaşayacaq, çünki o bizim və bütöv Azərbaycanın fəxridir. Ənvər İmanov kimi igidlərimizin sayəsində 44 günlük Vətən müharibəsindən qalib çıxdıq. Bu Vətən üçün ölməyə də, yaşamağa da dəyər!
Nur içində yatasan, şəhid qardaşım!"