Taleh Mustafazadə 1995-ci il dekabrın 17-də Gəncə şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Taleh Mustafazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Mustafazadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.