2021/05/IMG-2-1619973986.jpg

line
Adı: Novruzov
Soyadı: Pərviz
Ata adı: Natiq
Doğum tarixi: 02.02.2002
Şəhid olub: 03.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

27 sentyabr 2020-ci il -Böyük Vətən müharibəsinin başladığı, ölkəmiz, dövlətimiz və xaqlımız üçün yeni bir tarixin yazıldığı həmin o gün... Müharibə başladığı ilk saatlardan, Qarabağ və ətraf rayonların göstərildiyi bir xəritə var idi. Bu xəritədə demək olar ki, hər keçən gün, orudumuzun irəliləməsi göstərilir, yeni-yeni ərazilər yaşıl haşiyəyə alınırdı. Təəssüf ki, qələbə itkisiz qazanılmır. Bizim zəfərimiz də, 2783 igid Vətən övladının qanı ilə əldə olundu. Növbəti qəhrəmanımız olan 18 yaşlı Pərviz Novruzov Natiq oğlu torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş yüzlərlə igidimizdən biridir.

O, 2 fevral 2002-ci ildə, Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. Ailənin kiçik övladı idi və özündən böyük bir qardaşı var idi. O, 2008-ci ildə, Mərdan Quliyev adına kənd məktəbində birinci sinifə yollanır, 2019-cu ildə isə, orta məktəbi bitirir. Elə həmin il, Şamaxı Dövlət Regional Kollecinə qəbul olur. Pərviz kollec təhsilinə davam edə bilmir, növbəti il hərbi xidmətə yollanır. Beləcə qəhrəmanımız uşaqlıq arzularına doğru ilk addımlarını atır. O, Füzuli və Xocavənd istiqamətində erməni silahlı terror dəstələrinin müdafiə istehkamlarını, düşmənin keçilməz zənn etdiyi maneləri aşaraq uşaqlıq illərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri mansızlıqların qısasını aldıqdan sonra şəhidlik zirvəsinə yüksəlib.

Pərviz Natiq oğlu Novruzov ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

Şəhid Pərviz Novruzovun yaxınları ilə olan müsahibələrdən bəzi hissələri sizə təqdim edirik:

-Mən torpaqlarımızın alınmasında iştirak edəcəm, biz Qarabağı azad edəcəyik.

-Ay oğul, müharibə var ki, sən döyüşəsən?

-Mən gedəndə olacaq. Lələtəpəyə gedib orda şəhid olacam.

-Bala, niyə elə danışırsan, niyə ürəyimi partladırsan?

-Şəhid olmağın nəyi pisdir ki?! Mən şəhid olub sizin adınızı ucaldacam...

Şəhid Anası Afaq Novruzova deyir ki, oğlum elə bil bu günləri əvvəlcədən bilir, bizi də yavaş-yavaş öz yoxluğuna alışdırmağa çalışırmış. O, çox vətənpərvər uşaq olub. Bu söhbət, Pərviz hələ hərbi xidmətə yollanmamışdan əvvəl aramızda keçib:

"Oğlum aprel ayında çağırılmışdı, pandemiya ilə bağlı bir ay gec aparıldı. Mayın 7-si hərbi xidmətə yollandı. Xidmətinə Füzuli rayonunun Şükürbəyli kəndində davam edirdi. And içmə mərasimində iştirak edə bilməmişdik. Sonuncu dəfə avqustin 23-ü görüşmüz oldu. Daha sonra isə, zəngləşirdik".

Ana bildirir ki, oğlumun uşaqlıqldan bir arzusu var idi, Lələtəpəyə getmək. Elə hey söyləyirdi ki, mən Lələtəpəyə gedəcəm. Biz onun görüşünə gedəndə, gördüm ki, xidmətdə olduğu hərbi hissə dağların arasındadır. Dedim ki, "ay oğul çox Lələtəpə, Lələtəpə deyirdin, deyəsən gəlib çıxmısan". Orada mənə sevincək halda, Lələtəpəyə də, getmişdik cavabını verdi. Pərviz hər zaman, işğal altındakı torpaqlarımızın həsrətində olub, buranı görmək, azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirdi. Hərbi xidmətə yollanmamışdan öncə, instaqramından da paylaşmışdı ki, Qarabağı qaytarmaq yox, ona doğru getmək, xarı bülbülün qisasını almaq lazımdır".

Afaq xanımın sözlərinə görə, Pərviz ailə narahat olmasın deyə, döyüşlərə getdiyini belə onlardan gizlədib.. O, sən demə, bu gənc yaşında, düşmənlə üz-üzə olmağına baxmayaraq ailəsinin də qayğılarını çəkirmiş.

"Döyüşlər başlayandan sonra, sentyabr ayının 28-i və 30-u telefonla danışmışıq. Biz nigaran qalmayaq deyə, heç birində müharibədə iştirak etdiyini demədi. Elə hey vurğulayırdı ki, narahat olmayın hər şey yaxşı olacaq. Soruşurdum ki, "siz də döyüşlərdəsiz". Boynuna almırdı deyirdi yox. Bizi döyüşə aparmayıblar. Şəhid xəbəri gələndə də, mən çaş-baş qaldım. İnana bilmirdim, axı Pərviz ön cəbhədə deyildi..."

Evdən ona dəfələrlə kolleci bitirib, daha sonra xidmətə yollanması üçün israr edilsə də, Pərviz bunların heç birinə məhəl qoymayıb. Çünki onun ürəyi Vətəni üçün döyünürdü:

"Deyirdi ki, mənə hər şeydən vacib əsgərlikdi, qayıtdıqdan sonra təhsilimə davam edərəm. Çox istəyirdi ki, buranı bitirib, paytaxtdakı universitetlərdən birinə daxil olsun. Futbola da böyük marağı var idi. Uşaqlıqdan kəndlər arası futbol yarışlarında iştirak edirdi".

Ana söyləyir ki, Pərviz bir başqa övlad idi. O bütün ailənin sevimlisi, mənim balaca balam idi:

"Hər kəsə öz övladı şirin gəlir deyirlər. Amma, mənim iki övladım var. Pərviz balaca olmağına baxmayaraq qardaşından daha istiqanlı olub. Tək mənə yox bütün ailəyə, qohum-əqrəbaya əziz idi".

Daha sonra, şəhidin bibisi qızı, Ağayeva Mənsumə xanımla da həmsöhbət olduq. O bildirir ki, Pərvizlə bir yerdə böyümüşük, çox vicdanclı və mərhəmətli uşaq olub. Vətəni isə hər şeydən çox sevirdi:

"Pandemiya ilə bağlı, əsgərliyə 1 ay gec aparıldı, bu müddətdə çox böyük narahatlıq keçirmişdi. Hərbi xidmətə getmək üçün can atırdı. Ürəyi hər zaman vətən eşqi ilə döyünürdü. Heç vaxt qəlb qırmazdı, bir dəfə də olsun biz ondan acı söz eşitməmişik".

Sanki bütün qəhrəmanlar bir-birinə bənzəyir. Hər biri Vətən üçün doğulur, yaşayır, gedişi ilə onu bir qədər də uca tutur. Neçə-neçə Pərvizlərin qanı ilə suvarılmış torpaqlarımızda bundan sonra Xarı bülbül bizim üçün çiçək açacaq. Ruhun şad olsun gənc əsgər. İndi Xarı bülbül azaddır. Sən Qarabağa doğru getdin, bu yolda ən uca məqama ucaldın.