Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub.
2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Binəqədi rayonu, Mehdiabad qəsəbəsində boya-başa çatan Bəhmən Verdiyev müharibənin ilk günlərindən qardaşı ilə birlikdə orduya qatılmaq könüllü olaraq müraciət edib və sentyabrın 27-də isə müharibəyə yollanıb.
Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəhman Verdiyev noyabrın 9-da Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Döyüşlərə qatıldığını ailəsindən gizlədib. Onun aktiv döyüşdə olduğunu yalnız qardaşı və döyüşlərdə iştirak edən yeznəsi Samir bilib. Üçtərəfli Bəyanatın imzlanmasına bir neçə saat qalmış Bəhman şəhidlik zirvəsinə ucalıb. Anası Vəsilə Əsədova deyir ki, vətənini bütöv görmək və şəhidlik Bəhmənin çoxdankı arzusu olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.