Vidadi Vaqif oğlu İsrafilov 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub.
Vidadi İsrafilov Gəncə sakini idi. Ancaq onun yolunu Gəncəyə salan tale idi. Əslində, Daşkəsənin Gurbulaq kəndində doğulub, elə orada da böyümüşdü. Əlinə çanta alıb ilk dəfə parta arxasında oturduğu Gürbulaq kənd tam orta məktəbinin müəllimi idi. Gəncəyə ali təhsil almaq üçün 2005-ci ildə getdi. Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Ancaq sonrakı illərdə oğlu Ataxanın kəllədaxili təzyiqi onları yüksəklikdə yerləşən Gurbulaqdan dəniz səviyyəsindən aşağıya – Gəncə şəhərinə enməyə məcbur etdi. Beləliklə, Gəncə şəhər sakini oldular.
Vidadi müəllim təsərrüfatla da məşğul olurdu. Artıraraq sayını 4 -ə çatdırdığı atları var. Bu il kartof əkib 1 tondan artıq məhsul götürmüşdü. Torpağı əkib-becərməyi, yaxşı məhsul götürməyi və onu paylaşmağı sevirdi. Sadəcə əkib-becərməyimi? Vidadi müəllim onu qorumaq, ərazi bütövlüyünü təmin etmək üçün canından keçəcək qədər çox sevdi torpağını. Vətən müharibəsi başlayan kimi riyaziyyat müəllimi Vidadi İsrafilov hərbi komissarlığa baş vurdu və sentyabrın 29-da “öncə Vətən” deyib arxasında qoyduğu 5 və 6 yaşında olan iki balasını da öncə ata-anasına, sonra dövlətinə həvalə etdi. Atası və işlədiyi məktəbin direktoru olan Vaqif müəllimin sözlərinə görə, onlar Vidadinin getdiyini yazıb qoyduğu məktubdan öyrəniblər: “Həyat yoldaşı gətirdi məktubunu. Vətənin müdafiəsinə getdiyini, 2 balasını böyütməkdə yoldaşına kömək etməyimizi tapşırırdı. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edirdi. Döyüşə-döyüşə Şuşaya qədər gedib çıxdı. Noyabrın 7-də zəng etmişdi. Şuşada qələbə xəbərini oğlumdan aldım. Mənə Xankəndi istiqamətində növbəti əməliyyata hazırlaşdıqlarını da dedi”.
Oğlu ilə bundan sonra danışa bilməyən ata onunla bir də noyabrın 11-də görüşür. Ancaq bu dəfə cansız bədəni ilə. Atası şəhid oğlunu Füzulidəki hospitaldan götürüb. Qalib ordunun qəhrəman döyüşçüsünün qəlpələrdən deşik-deşik olmuş bədənini bağrına basıb: “Oğlumu götürməyə gedəndə mənə həlak olduğu döyüş vəziyyəti ilə bağlı da məlumat verdilər. Dediklərinə görə, müharibənin bitməsinə bir neçə saat qalmış şəhid olub. Onunla bərabər öndə gedən 4 silahdaşı ilə bərabər. Bədəni qəlpələrlə dolu idi. Onu evə gətirəndə axşam olmuşdu. Həmin gün dəfn edə bilmədik. Gecəni bizimlə qaldı. Doyunca vidalaşdıq. Səhərisi dəfn etdik. Oğlum pəhləvan kimi idi. Məktəbdə, kənddə, yaşadığı yerdə hörməti vardı. Hamı ona ağsaqqal kimi yanaşır, məsləhət alırdılar. Həm ağıllı, həm də qoçaq idi. Artıq hər kəsin nəzərində həm də bir qəhrəmandır. Bunu indi balaları da bilir”.
Vətən müharibəsi başlayan kimi riyaziyyat müəllimi Vidadi İsrafilov hərbi komissarlığa müraciət edərək, sentyabrın 29-da “öncə Vətən” deyib arxasında qoyduğu 5 və 6 yaşında olan iki balasını da öncə ata-anasına, sonra dövlətinə həvalə edib cəbhəyə yollanıb.
Qəhrəmanın döyüş yolu Füzuli və Qubadlıdan keçib. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhadətindən sonra ölkə Prezidentinin sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda", «Şuşanın azad olunmasına görə» medalları ilə təltif olunub.