Şükür Aslan oğlu Hacıyev 8 mart 2000-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Laçın rayonunun Budaqdərə kəndindəndir. Orta məktəbi bitirdikdən sonra 2018-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Qubadlı döyüşlərində vuruşub. 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.