2021/01/2E37A-1610012224.jpg

line
Adı: Quliyev
Soyadı: Bəhruz
Ata adı: Firuz
Doğum tarixi: 09.05.1990
Şəhid olub: 04.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Vətən üçün mərdliklə vuruşan, heç nəyi düşünmədən, qorxmadan canından keçən şəhidlər... Onlardan biri də Bəhruz Quliyevdir.

Bəhruz Quliyev 9 may 1990-cı il tarixində Goranboy rayonunda anadan olub. Naftalan şəhərində böyüyüb boya-başa çatıb. O, 2014-cü ildən MAXE kimi hərbi xidmət etməyə başlayıb. 2016-cı il aprel döyüşlərinin də iştirakçısı olub. 

Şəhid Bəhruz Quliyevin anası Möhtərəm Quliyevanın sözlərinə görə, oğlu sonuncu dəfə müharibəyə gedəcəyi zaman hər kəsdən halallıq alıb, sanki şəhid olacağını hiss edirmiş:

“Oğlum ağıl-kamalla məktəbini bitirdi, sonra hərbi xidmətə yola saldıq, əsgərlikdə olduğu müddətdə də onun xoş xəbərlərini eşidirdik, hər zaman bizim fəxrimiz olub. Tərifnamə ilə gəldi əsgərlikdən. Hər zaman ürəyində arzusu var idi ki, yenidən hərbiyə qayıtsın, o qədər vətəninə bağlı idi ki, ailəsini belə düşünmədən yenidən hərbiyə qayıdıb xidmətə başladı. Bəhruz aprel döyüşlərində də iştirak etmişdi. O zaman da döyüşlərin ən qızğın getdiyi yerlərdə olurdu, amma sağ-salamat qayıtmışdı, indi isə qayıtmaq qismət olmadı. Mən onsuz nəfəs ala bilmirəm elə bilirəm ki, yaşamıram...”.

Bəhruz Quliyev ailəli idi, iki qız övladı vətənə əmanət qalıb.


Şəhid anası deyir ki, Bəhruz Quliyev Suqovuşan ətrafında döyüşürmüş və hər zaman dostlarına dəstək olurdu: “Bəzən öz ad günlərində belə iştirak etmirdi işinə, vətəninə çox bağlı idi. Şəhid olmazdan öncə əsgər yoldaşları üçün yemək aparıb. Sonra eşidiblər ki, dostlarından yaralananlar var, ona görə gəldiyi yoldan qayıtmayıb dostlarının yanına gedib, yaralı dostlarını döyüş bölgəsindən çıxaran zaman onların olduğu yerə minamyot mərmisi  atılıb, dostlarının sağ qalması üçün canından keçib. Yaralı dostlarını oradan çıxarıb, amma özü 7 gün yaralı vəziyyətdə maşında qalıb, xilas etmək mümkün olmayıb.7 gün sonra atəşkəs elan olunan zaman gediblər Bəhruzun yanına, amma artıq çox gec imiş.

Möhtərəm Quliyeva oğlunun şəhid olması xəbərini alan zaman başqa şəhid anaları kimi əvvəlcə eşitdiklərinə inanmayıb, sarsıntı keçirib.

“Sonuncu dəfə oktyabrın 4-ü səhər danışmışdıq. Günortadan sonra zəng çatmadı, sonradan bildik ki, günorta Bəhruzun maşını vurulub. Biz cəbhə bölgəsinə yaxın olduğumuz üçün həmin gün əsgərlər hamıya xəbər veribmiş, amma bizə heç kim demirdi. 7 il idi orada xidmət edirdi, düşünürdük ki, oraları tanıyır, heç nə olmaz, amma sən saydığını say, gör əcəl nə sayır.  Xəbər bizə verilən zaman elə bildim ki, dağlar uçdu, altında qaldım. Naftalana gətirildi dəfn olundu. Onun xilas etdiyi dostları şükürlər olsun ki sağdırlar, amma balam şəhid oldu. Qələbə günü, mayın 9-u dünyaya gəlmişdi, qələbə uğrunda da şəhid oldu oğlum.

Şəhidlərə canımız qurban olsun. Analarına, ailələrinə, övladlarına Allah səbr versin. Sanki şəhidlərimizin hamısı seçilib o zirvəyə ucalıb. O qədər igid, qəhrəmandılar ki, onlardan danışmağa sözlər bəs etməz... Bizlərə də Allah səbr versin, vətən üçün şəhid oldular. Allah onlardan kəsilən ömrü-günləri balalarına bağışlasın. Sağ qalan əsgərlərimizi də Allah özü qorusun. Allah onları ailələrinə bağışlasın.

Deyirlər ki, torpağın üzü soyuq olur amma elə deyil getdikcə yaramız daha da dərinləşir” .
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Bəhruz Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bəhruz Quliyev, həmçinin "İgidliyə görə", "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.