İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də İsmayılzadə Sevindik Ramil oğludur.
Əslən Cəbrayıl rayonunun Soltanlı kənd sakini olan Sevindik İsmayılzadə 30.11.1998-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Bakı şəhəri Qaradağ rayonunda yerləşən 49 saylı Füzuli tam orta məktəbin məzunu olmuşdur.
Sevindik İsmayılzadənin idmana olan marağı çox böyük olduğundan, bir çox idman növləri ilə məşqul olmuş və nailiyyətlər qazanmışdır. Hərbi çağırış sonrası, 24 İyul 2017-ci il tarixdə ilk hərbi xidmətinə Sumqayıt şəhərində yerləşən N sayılı hərbi hissədə and içmə mərasiminə qədər xidmət etmişdir. Daha sonra Bakı şəhərində yerləşən N sayılı hərbi hissədə Daxili Sərhəd Qoşunlarında kəşfiyyatçı vəzifəsində işə başlamışdır. O, burada olduğu müddətdə göstərdiyi yüksək xidmət nəticəsində fəxri fərmanla təltif edilmişdir. Hərbi xidmət göstərdiyi dövrdə Xüsusi Təyinat kursunda snayper təlimi alaraq kursu uğurla başa vurmuşdur.
İkinci Qarabağ savaşı başlayan zaman Sevindik yenidən hərbi komissarlığa çağrılır, ehtiyac olduğu təqdirdə xəbər veriləcəyi bildirilsə də Sevindik təkidlə onu cəbhə bölgəsinə, həm də Cəbrayıla döyüşməyə aparılmasını komissardan istəyir və bu istəyinə nail olur. Füzuli istiqamətində gedən döyüşlər zamanı əskər yoldaşının yaralandığını görür və onu xilas etmək istəyir. Elə həmin vaxt düşmən snayperi ilə amansızcasına vurulur. Sevindik İsmayılzadə 20 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Biləsuvar qəsəbəsindəki məzarlıqda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sevindik İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.