2021/05/17973-1620040341.jpg

line
Adı: Alim
Soyadı: Quliyev
Ata adı: Fuad
Doğum tarixi: 15.03.1999
Şəhid olub: 30.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşında şəhid olan Quliyev Alim Fuad oğludur. O, üç bacının tək qardaşı idi...

Alim Quliyev 1999-cu il martın 15-də Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. 2005-ci ildə təhsil almağa başlayan Alim 2016-cı il orta təhsilini başa vuraraq hərbi xidmətə yollanıb, 2018-ci ildə hərbi xidmətini tamamlayaraq geri qayıdıb.

İkinci Qarabağ savaşı başlanan gün Alim Quliyevə hərbi komissarlıqdan çağırış gəlib. Əvvəlcə Qusarda təlimlərdə iştirak edib. Şəhidin bacısı qeyd edir ki, "Çağırış gələndə qardaşım zərrə qədər də tərəddüd etmədi. Sanki bu xəbəri uzun zamandır gözləyirmiş. Alim həddindən artıq vətənpərvər oğul idi. Çağırış gələndə sevincinin həddi-hüdudu olmadı. Qardaşım Vətən uğrunda ölümün gözünə dik baxmağı bacardı".

Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. Ailəsinin söylədiklərinə görə, Alim şəhid olmamışdan 4 gün əvvəl bədəninin müxtəlif hissələrindən qəlpə yarası alsa da, mübarizəsini dayandırmayıb. 4 gün yaralı vəziyyətdə döyüşüb.

Yaralarını özü sarıyaraq döyüşlərdə irəliləyib. Həmin vaxt müxtəlif ağrıkəsici iynələr vasitəsilə qüvvətini itirməyib. Həmin müddətdə 20-dən çox yaralı əsgəri döyüş bölgəsindən uzaqlaşdırıb. Əsgər yoldaşlarının dediklərinə görə, nə qədər təkid etsələr də, Alim geri qayıtmayıb. Yaralı vəziyyətdə dörd gün tab gətirsə də, artıq qanaxma sürətlənirmiş. Oktyabrın 30-u isə Alimin mübarizə aparmağa gücü qalmayıb. Alim Quliyev oktyabr ayının 30-u Şuşa yaxınlığında qəhrəmancasına şəhid olub, noyabrın 1-i isə torpağa tapşırılıb.

Ölümündən sonra Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Alim Quliyevin itkisi ailəsi üçün çox böyük acıdır. Amma buna baxmayaraq, yaxınları Alimin şəhidlik zirvəsi ilə fəxr edirlər. Onların səsindəki məğrurluq aydın sezilirdi. Bəzən insan təəccüblənir ki, belə ağırlıqda dərdin önündə tab gətirmək necə mümkün olur?! Amma vəziyyəti mülahizə edəndə hər şey məlum olur. Ölümün gözünə dik baxan belə qəhrəmanları yalnız ürəyi dağ boyda olan, əsl vətənpərvər ailə yetişdirə bilərdi. Elə ona görə də bu itkilərə dözə bilir, şəhidlik zirvəsi ilə fəxr edirlər.