2021/09/image-1632397446.jpg

line
Adı: Ramazanov
Soyadı: Rövşən
Ata adı: Qardaşxan
Doğum tarixi: 14.04.1995
Şəhid olub: 01.11.2020
Rütbəsi: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşında şəhid olan Rövşən Ramazanovdur.

Rövşən Qardaşxan oğlu Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olmuşdur. Ailədə 7 nəfər olmaqla 3 bacı və 2 qardaş olaraq böyüyüblər. Uşaqlıq illəri doğulduğu Burzubənd kəndində keçmişdir. Anası kimya fənni, atası isə coğrafiya fənni üzrə müəllim vəzifəsində işləyirdi. 2001-ci ildə Astara rayonunun Burzubənd kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 2012-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur.

Orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin iyul ayında Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi-hərbi xidmətə çağırılır və Ağcabədi rayon "N" saylı hərbi hissəyə göndərilir. 3 ay Ağcabədi rayon "N" saylı hərbi hissədə qalan Rövşən daha sonra Ağdam rayon "N" saylı hərbi hissəyə göndərilir və orada xidmətini davam etdirir. Hərbi Xidməti dövründə PK silahının baş tuşlayıcısı olmuşdur. 2015-ci ilin yanvar ayında xidmətini başa vuraraq evinə geri qayıdır.

2-ci Vətən müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən başlayan Vətən müharibəsində oktyabr ayının 9-da könüllü olaraq iştirak etmiş və Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən Rövşən Ramazanov 2020-ci il 1 noyabrda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olur.

Noyabr ayının 1-də şəhidin nəşi doğulub boya-başa çatdığı Astara rayonunun Burzubənd kəndinə gətirilərək orada torpağa tapşırılır. Şəhidimiz subay idi. Atası Qardaşxan müəllim oğlunun yoxluğuna tab gətirməyərək dekabr ayının 2-də dünyasını dəyişir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.