Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyir, deməli, həmin xalq qalibiyyətə layiqdir. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində məğrurluq, fəxarət hiss olunur. Çünki onlar canını Vətənə fəda edən övlad böyüdüblər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşında şəhid olan Fərid Şamilovdur.
Şamilov Fərid Mirzə oğlu 4 may 1999-cı ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib.
Hələ uşaqlıqdan yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi və hər bir işdə fəal, dürüst, qocaq oğlan idi. Uşaqlıqdan vətəninə, torpağını bağlı idi. 2005-2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alır. Bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. 2013-ci ildən bu günə qədər atası Mirzə və nənəsi Tamara xanım Fəridi və Fuadı böyüdüb, təlim-tərbiyələri ilə məşğul olublar. Fərid Tamara nənəyə hər zaman deyirmiş: “Nənə gedib Şuşanı alacam, sənidə aparacam...”
Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cı ildə yanvarın 9-da hərbi xidmətdən qayıdıb.
“Səba” Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayıb. Səfərbərlik elan olunanda o “Vətən dardadır” deyərək, öz ərizəsi ilə işdən çıxıb.
2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edib. 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağrılıb və Qusar rayonunda bir müddət təlimlər keçəndən sonra sentyabrın 27-də cəbhə bölgəsinə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub. Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa, Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək, vətənə layıqincə xidmət edib. Son zənglərinin birində deyib: “Atama deyin məni bağışlasın, onu çox istəyirəm”.
2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Fərid Şamilovun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindəs on döyüşü olub. Ağır döyüşdə minamyot atəşi Fərid yaralayıb, köməyinə çatmaq istəyən döyüş yoldaşı Famil Məmmədov düşmən gülləsinə tuş gəlib. Fərid döyüş yoldaşı Qubad Əliyevlə birgə şəhidlik zirvəsinə ucalıb.
Fərid Şamilov 10 noyabrda son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edirdi. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu. Fərid Şamilovun cənazəsinin büküldüyü üçrəngli Azərbaycan bayrağı dəfn mərasiminin sonunda atası Mirzə Şamilova təqdim olundu.
O torpağını, vətəninin daha çox sevdi. Bakı şəhər 20 saylı məktəbin 2F sinifi onun adın daşıyır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayış etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Şamilov Fərid Mirzə oğluna ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edib.
Atası Mirzə Şamilov 1993-1997-ci illərdə I Qarabağ müharibəsinin döyüşçüsü olub. O oğlu Fərid haqqında bunları deyir:
- Son döyüşdən bir gün öncə mənimlə danışıb dedi: ”Ata, sən ala bilmədin, amma mən aldım bu torpaqları, Şuşa bizimdır sən narahat olma.” Mərd, saf ürəkli, vətəninə, xalqına bağlı bir oğlan idi. Fərid uşaq vaxtından böyük düşüncələri ilə hamının hörmətini qazanmışdı. Maraqlı söhbətli, insanlara canı yanmağı ilə fərqlənirdi. Hər kəsə bacardığı köməyi əsirgəməzdi. Dostlarının, qohumların sevimlisi idi. Çox inamlı oğlan idi və inanırdı ki, torpaqlarımızı azad olunmasında onun da əməyi olacaq. Fərid bizim xoş xatirələrimzdə qaldı!