Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşında şəhid olan Orxan Şıxıyevdir.
Şıxıyev Orxan Rafiq oğlu 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonunun erməni işğalçılarından alınmasında fəal iştirak edib. Orxan Şıxıyev noyabrın 1-də Xocavənd Maçkalaşen kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.