Cumuzadə Təbriz İldırım oğlu 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Ailəsi bir müddət sonra Mingəçevir şəhərinə köçüb və Təbriz orta təhsilini də elə orada alıb. 2017-ci ildə orta məktəbi uğurla bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Anası Ülviyyə xanım deyir ki, Təbriz iki oğlundan kiçiyi olub: "Müharibə başlayandan 2 gün sonra oğlum döyüşə yollandı. Atası aparmışdı müharibəyə, elə atası da gətirdi... 18 gün axtarışdan sonra tapdıq balamı. Arzuları var idi, işləyəcək, ailə quracaqdı... Qismət olmadı. Telefonla danışanda hər dəfə “Şəhid olsam...” cümləsi ilə başlayırdı. Sanki hiss edibmiş öncədən".
Təbriz Şuşa uğrunda döyüşlərdə iştirak edib. Yoldaşları danışır ki, o həm döyüşüb, həm də yaralı əsgərləri daşıyıb. 20 yaşı olmasına baxmayaraq, elə döyüşüb ki, sanki dəfələrlə müharibədə iştirak edib.Sanki hazırlıqlı idi bu günə.
Qeyd edək ki, Təbrizin nəşi 18 gün axtarışdan sonra tapılıb. Şəhidimiz noyabrın 26-sı Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Təbriz Cumuzadə ölümündən sonra " Vətən uğrunda "medalı ilə təltif olunub.