Qarabağın erməni işğalından azad edilməsi uğrunda canından keçən oğullarımızdan biri də Nahid Üzeyir oğlu Teymurzadədir. O, 1997-ci ilin 23 iyununda Biləsuvar rayonu Günəşli kəndində anadan olub. 2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbdə orta təhsil alıb. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
Nahid Vətən müharibəsinə könüllü şəkildə qoşulub və Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə göstərdiyi şücaətlərlə yadda qalıb. İgid əsgər Xocavəndin Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Onun nəşi Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunub.
Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.